Tarix : 2019 Sep 23
Kod 58866

Həbs müddəti başa çatan şəxs azadlığa buraxılmır

İctimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti başa çatsa da azadlığa buraxılmadığı deyilir.
Arannews-Bu barədə AzadlıqRadiosuna R.Hüseynzadənin atası Füzuli Hüseynov bildirib:
"Bu il sentyabrın 2-də Rafaelə Abşeron Rayon Məhkəməsi 15 günlük inzibati həbs cəzası verib. Sentyabrın 17-də bu 15 günlük müddət başa çatıb.Bu gün sentyabrın 21-dir, cəza müddətindən artıq 4 gün keçib, Rafael, hələ də azadığa buraxılmayıb” - Füzuli Hüseynov deyib.
F.Hüseynov deyir ki, bunun səbəbini öyrənə bilməyib: "Amma məlum olan budur ki, R.Hüseynzadə, hələ də Binəqədi Müvəqəti Saxlama Təcridxanasında saxlanır və başqa hər hansı bir yerə aparılmayıb. Görünür bu da məsələyə "azərbaycansayağı” yanaşmadır”.
Vəkil Cavad Cavadlı-nın bildirməsinə görə isə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Elman Əhmədovun sədrliyi ilə Rafael Hüseynzadənin apellyasiya şikayətinə baxıb və şikayət təmin edilməyib.Vəkil özü prosesdə iştirak edə bilməyib.
Amma C. Cavadlı Abşeron Rayon Məhkəməsi-nin elektron-məhkəmə saytında yerləşdirilmiş qərarın foto surətini də dərc edib.
Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və sözü gedən məhkəmələrdən münasibət almaq mümkün olmayıb.
F. Hüseynov sentyabrın 3-də bildirmişdi ki, oğlunu polis idarəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar.
Rafael Hüseynzadə avqustun sonlarında polisi süründürməçilikdə qınayaraq və işə qəbul edilməməsini səbəb göstərərək Bakının Nəsimi rayonu ərazisində təkbaşına aksiya keçirdiyini açıqlayıb. Ailəsi Hüseynzadənin həbsinin bununla əlaqəli olduğunu iddia edir.
"Rafael Hüseynzadə bir ay öncə Abşeron rayonunun Məhəmmədli kəndində təzyiqə məruz qalıb, xəsarət alıb. O polisə şikayət edib, ekspetizadan keçib.Sentyabrın 2-də sahə müvəkkili Rəfael Hüseynzadəni zərərçəkən qismində Abşeron rayon Polis İdarəsinə dəvət edib. Beləliklə o polisdə saxlanılıb və məhkəmə barəsində inzibati həbs qərarı verib” F. Hüseynov bildirib.
Onda da bu məsələyə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.
R.Hüseynzadə ondan öncə isə 2019-cu il yanvarın 25-də və martın 2-də "siyasi məhbuslara azadlıq” şüarı ilə təkbaşına aksiya keçirdiyini bəyan edərkən saxlanmışdı. O, inzibati hüquq pozmada günahlandırılaraq sutkalığ həbs cəzaları almışdı.
R. Hüseynzadənin atası, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Füzuli Hüseynov da bundan əvvəl bir neçə dəfə Bakıda metro stansiyaları önündə təkbaşına dayanaraq siyasi şüarlar səsləndirib.Ona da bir neçə dəfə inzibati həbs cəzaları verilib.
  • Yazılıb
  • da (də) 2019 Sep 23
  • Göndərən جهان کمالی