Tarix : 2019 Oct 05
Kod 58919

Müsavat Partiyası: "Namizədlərin görüşünə maneə yaradılır"

Müsavat Partiyası başqanlığına namizədlər Yadigar Sadıqlı və Tofiq Yaqublunun oktyabrın 4-də Oğuz və Qəbələ rayonlarında baş tutacaq görüşlərinə imkan verilməyib.
Arannews-Bu barədə Toplum Tv-yə danışan Yadigar Sadıqlının sözlərinə görə, hələ yolüstü kafelərdə oturmaq istəyərkən öyrəniblər ki, istirahət etmələrinə imkan verilməməsi üçün hərəkət etdikləri  avtomobilin nömrəsi bütün yolüstü kafe və restoranlara verilib.

Qəbələdə restoranda oturub müsavatçılarla görüşdükləri zaman isə ofisiant onlara yaxınlaşıb, xahiş edib ki, məkanı tərk etsinlər: "Biz restoranda oturub müxalifətçilərlə söhbət edirdik, müsavatçılarla görüşmüşdük. Obyektin sahibinə zəng olunub, ofisiant bizə yaxınlaşıb xahiş etdi ki, məkanı tərk edək. Oranı tərk edib, açıq havaya çıxdıq, dedik, təbiətin qoynunda söhbət edək. Ayaqüstü söhbət etdiyimiz zaman polis yaxınlaşdı, söhbət etməyə imkan vermədi və dedilər ki, rayonu tərk edin. Biz bunun qanunsuz olduğunu deyib, səbəbini soruşduq. Dedilər ki , ofisiantı təhqir etmisiniz, inzibati xəta törətmisiniz”. 

Yadigar Sadıqlının sözlərinə görə, söylənilənlərin rayondan çıxarılmaları üçün əsas olmadığını deyib və bildirib ki, bunun üçün onları polis bölməsinə aparmaq lazımdır: "Dedilər: "Gəlin gedək polis bölməsinə”. Polis maşınlarının müşayiəti ilə öz maşınımızla polis bölməsinə gedərkən bizi polisə aparmaqdan imtina etdilər".
 
Yadigar Sadıqlı deyib ki, görüşə imkan vermədikləri üçün məcburən Bakıya qayıdıblar.
 
Onların bu görüşlərinə, həmçinin hərəkət marşrutlarına maneə yaradılır.
 
Müsavat Partiyasının yaydığı məlumata görə, oktyabrın 3-də Xaçmaz rayonunda Partiyanın başqanı Arif Hacılı ilə görüşdə iştirak etmiş qurultay nümayəndəsi İlyas Yasinov və Söhrab Əmrahov rayon polis idarəsinə çağıralaraq təzyiqlə üzləşiblər. 

Daha sonra rayon təşkilatın sədri Ramazan Əliyev polis idarəsinə çağrılaraq sorğu-suala tutulub.
 
Müsavat Partiyasının mətbuat xidməti polisin və icra strukturlarının bu müdaxiləsini pisləyən açıqlama yayıb.
 
"Müsavat Partiyasının demokratik prinsiplər əsasında qurultay təşkil etməsi hakimiyyəti narahat edib. Xüsusən rayonlarda insanların bir yerə toplaşmasından, siyasi müzakirələr aparmasından narahat olan repressiv rejim Müsavat Partiyasının başqanlığına namizədlərinin qurultay nümayəndələri ilə görüşlərinə əngəllər yaradır. Bu əngəlləri pisləyirik və son qoyulmasını tələb edirik”, – deyə açıqlamada bildirilir.
  • Yazılıb
  • da (də) 2019 Oct 05
  • Göndərən جهان کمالی