Tarix : 2019 Oct 15
Kod 58968

Akademik Vasim Məmmədəliyev dünyasını dəyişib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib

Arannews-Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib. 

Yaxınlarının sözlərinə görə, V.Məmmədəliyev axşam saatlarında dünyasını dəyişib. 

V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 154 elmi əsərin, o cümlədən 21 monoqrafiyanın, dərsliyin, tərcümənin, 132 elmi məqalənin müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub. 

V.Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.

V.Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif edilən V.Məmmədəliyev BDU-da Ərəb Filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. Mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək. Vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək davam edəcək.

Allah rəhmət eləsin!

  • Yazılıb
  • da (də) 2019 Oct 15
  • Göndərən جهان کمالی