Tarix : 2019 Nov 05
Kod 59042

Samirə Ağayeva: Səhhəti pisləşən Nardaran məhbusunu müalicə müəssisəsinə köçürmürlər

“Göstəriş olmasına baxmayaraq, köçürülmə gecikdirilir

Arannews-Nardaran hadisələri zamanı (2015-ci il 26 noyabr) həbs olunaraq 12,6 il azadlıqdan məhrum edilən 68 yaşlı Eldar Bünyadovun səhhətində problemlər yaransa da, müalicəyə göndərilmir.

Bu barədə hüquqşünas Samirə Ağayeva məlumat yayıb.

Hüquqşünas bildirib ki, Eldar Bünyadov Nardaran hadisələrindən 5 gün sonra evində həbs olunub və həmin vaxt fiziki zorakılığa məruz qalıb:

“Bu gün də qabırğalarına vurulan zərbənin təsirindən ağrılar yaşadığını bildirir. Məhkəmə bir çox maddələrlə Eldar Bunyadovu günahkar bilib, 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarı versə də, Bunyadov bu işin qurama olduğunu söyləyib. O, sifarişlə həbs olunduğunu elə məhkəmə salonundan söyləmişdi”.

Eldar Bünyadovun hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığını deyən hüquqşünas bildirib ki, məhbus uzun zamandır hipertoniya və diabet xəstəliyindən əziyyət çəkir. Böyrəklərindəki kəskin ağrılar, kistalar səbəbindən ayaqlarında şişkinlik hər ötən gün artmaqdadır. Şəkərin təsirindən bir gözü görmək imkanını itirmək ərəfəsində olduğu halda digər gözü də zəifləməyə başlayıb və o eynəkdən tam asılı vəziyyətə düşüb:

Samira Ağayeva

Samira Ağayeva

Mənbə: Foto: Meydan tv

“Müəssisədə Eldar Bunyadovu müayinə ediblər. Gəldikləri qənaət belə olub ki, o tezliklə xəstəxanaya köçürülməlidir. Ötən həftədən köçürülmə haqqında mərkəzin göstərişi olsa da, bu günə qədər hələ də heç bir səbəb göstərilmədən Eldar Bunyadovun köçürülməsi yubadılır. 7 saylı müəssisənin baş həkimi Eldar Bunyadova deyib ki, hələ onun göndərilməsi haqqında hər hansı bir əmr yoxdur”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Mehman Sadıqov Meydan TV-yə deyib ki, məhkumların müayinə və müalicəsini Baş İdarə həyata keçirir. Əgər məhkumun Müalicə Müəssisəsinə keçirilməsi haqda həkim rəyi varsa, köçürülməlidir. Sadəcə, rəydə müddətlər göstərilir və həmin müddətdə məhbus xəstəxanaya göndərilir.

26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində polislə baş verən qarşıdurma nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədən sonra 14 nəfər həbs olunub.

  • Yazılıb
  • da (də) 2019 Nov 05
  • Göndərən جهان کمالی