Tarix : 2019 Nov 06
Kod 59048

Bu gün İmamətin 11-ci günəşinin şəhadətə çatdığı gündür

Rəbbiul-əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) şəhadəti günüdür.

İslamazeri.com xatırladır ki, Hicri-qəməri təqvimlə 260-cı ilin rəbbiul-əvvəl ayının 8-i Əhli-beytin 11-ci imamı İmam Həsən ibn Əli Əskərinin (ə) şəhadət günüdür. İmam Həsən Əskəri 28 il ömür sürüb, 7 il imamət edib. İmamın (ə) ömrü çox iztirablı və çətin olub. Zindanlara məhkum olunub. Abbasi xəlifəsi məlun Mötəməd tərəfindən şəhid edilib. Mübarək məzarı İraqın Samirra şəhərində yerləşir.

İmamın Həsən Əskərinin (ə) şəhadəti münasibətilə oğlu İmam Zaman (ə) başda olmaq bütün dünya müsəlmanlarına başsağlığı veririk. Allah bizləri dünyada İmamın (ə) ziyarətindən, axirətdə isə şəhadətindən binəsib etməsin!

 İmam Həsən Əsgərinin həyatından və şəhadətə çatdırılmasından qısa məlumatı təqdim edirik.

 Abbasi xəlifəsi Mötəməd imam Həsən Əsgərinin (ə) nüfuz və məqamından çox narahat idi. Xəlifə məhdudiyyət tədbirlərinin səmərə vermədiyini, əksinə, bu tədbirlər nəticəsində imamın daha çox sevildiyini gördükdə onu qətlə yetirmək qərarına gəldi. Mötəməd imam Həsən Əsgəriyə (ə) gizli bir şəraitdə zəhər verərək, şiələri imamın hidayət nurundan məhrum etdi.

Bu sayaq şəhadətlər əvvəllər də baş vermişdi. Əməvi və abbasi xəlifələri daim bu siyasətdən yararlanmışdılar. İmamlar isə bu planları açıqlamağa çalışaraq, xəlifələrin iç üzünü xalqa göstərmək istəmişlər.

İmam Həsən Əsgəri (ə) öz qeyri-adi biliyi ilə əvvəlcədən hiss etmişdi ki, qarşıda onu ölüm gözləyir. O, öz şəhadəti haqqında anasına xəbər verərək demişdi: «Hicri 260-cı ildə bir hadisə baş verəcək; bu, həqiqətən də, imamın abbasi hökuməti tərəfindən şəhadətə yetirilməsi olacaq». Bu xəbər imamın anasını qəm dəryasına qərq etmişdi. İmam ağlayan anasına təsəlli verərək demişdi: «Ana! Allahın hökmü qətidir, dözümsüzlük göstərmə». İmamın xəbər verdiyi kimi, hicri 260-cı ildə bu şəhadət həqiqətə çevrildi.

İmamın şəhadətindən bir neçə gün əvvəl onu dövrün zalım hakimi Mötəmədin yanına gətirdilər. Bütün xalqın imama təzim etdiyini bilən Mötəməd çox narahat idi. Xalq, doğrudan da, onu bütün ələvi və Abbasilərdən üstün tuturdu. Ona görə də, Mötəməd həzrəti qətlə yetirmək qərarına gələrək, ona öldürücü zəhər içirdi.

İmam ona verilən zəhəri içən kimi bütün bədəni od tutub yanmağa başladı. İmam yatağa düşdü və bu, ölüm yatağı idi. Mötəmədin göstərişi ilə onun beş məmuru imamın evinə nəzarət edirdi. Bu evdə baş verən bütün hadisələr izlənilirdi. Eləcə də, həkimlərə göstəriş verilmişdi ki, imamın vəziyyətindən gecə-gündüz xəbərdar olsunlar. Hadisədən iki gün keçmiş Mötəmədə imamın vəziyyətinin ağır olduğunu bildirdilər. Xəlifənin göstərişi ilə həkimlər imamın evini tərk etmirdilər. Mötəməd qazilər qazisini on nəfərlə birlikdə imamın evinə göndərdi və onlara göstəriş verdi ki, gecə-gündüz orada qalsınlar. Bu insanlar imamın təbii şəkildə dünyasını dəyişdiyinə şahid durmalı idilər. Buna baxmayaraq, daha on beş məmur həzrətin evində keşik çəkirdi.

İmam Həsən Əsgəri (ə) rehlət gecəsi bir otaqda, hökumət məmurlarından gizli şəkildə məktublar yazıb şiələr yaşayan müxtəlif məntəqələrə göndərdi. İmamın vəziyyəti getdikcə ağırlaşırdı və hər an onu ölümə yaxınlaşdırırdı. Həzrət ömrünün son anlarında Allahın zikrinə məşğul idi. O, Allaha həmd oxuyur, Quran ayələri tilavət edirdi. Nəhayət, imam üzünü qibləyə tutdu və mübarək ruhu Allah dərgahına pərvaz etdi. Bu canyandırıcı hadisə hicri 260-cı il, rəbiul-əvvəl ayının səkkizi, cümə günü sübh namazından sonra baş verdi.

İmamın dünyasını dəyişməsi müsəlmanlar üçün böyük bir itki idi. Onlar öz rəhbərlərini, sevimli xeyirxahlarını əldən vermişdilər. Daim zəiflərin, yetimlərin, yoxsulların həmdərdi olan bir şəxs dünyasını dəyişmişdi. İmamın evindən nalələr ucaldı. Əli (ə) ailəsinin fəryadları bütün Samirrada eşidilməkdə idi. İmamın dünyasını dəyişməsi xəbəri ildırım sürəti ilə şəhərə yayıldı və müsəlmanlar öz imamlarının mənzilinə üz tutdular. İmamın evi ətrafında ah-nalə səsləri dövrə vururdu. Bütün dövlət idarələri işini saxlamışdı. İmama hörmət əlaməti olaraq bazarlar bağlanmışdı. Bütün şəhər əzadarlıq içində idi. Samirra şəhəri sanki qiyamət səhnəsinə dönmüşdü.

Samirra belə bir izdiham görməmişdi. Bütün təbəqələrdən, əqidədən olan insanlar bir yerə toplanıb imamın fəzilətlərindən, ilahi xüsusiyyətlərindən danışırdılar. Hamı imamın gedişini müsəlmanlar üçün böyük bir itki sayırdı.

İmamın qüsl, kəfən və dəfn işləri ilə Osman ibn Səid Əmri məşğul oldu. Şiə etiqadına görə hər bir imamı ondan sonrakı imam dəfn etməli, onun üçün namaz qılmalıdır. Amma imam Həsən Əsgərinin (ə) vəfatından sonra xüsusi bir şərait yaranmışdı və təqiyyə gözlənilirdi. İkinci bir tərəfdən Osman ibn Səid Əmri həzrət Mehdinin (ə) naibi olaraq bu işləri görürdü. Əlbəttə ki, imamın vəfat etdiyi dövr və şərait əvvəlkilərdən fərqlənirdi. Übeydullah ibn Xaqan deyir: «İmamın cənazəsi dəfnə hazır olduqda xəlifə imamın cənazəsinə namaz qılmaq üçün qardaşı Əbu-İsa ibn Mütəvəkkili göndərdi. Cənazə namaz üçün yerə qoyulduqda Əbu-İsa cənazəyə yaxınlaşdı və həzrətin üzünü açıb onu ələvilərə, Abbasilərə, qazilərə, alimlərə və digər şahidlərə göstərdi və dedi: «Bu Əbu-Məhəmməd Əsgəridir ki, təbii şəkildə dünyasını dəyişmişdir. Onun təbii şəkildə öldüyünə qazilər, həkimlər, məmurlar şəhadət verirlər». Sonra cənazənin üzünü örtdü, ona namaz qıldı və göstəriş verdi ki, cənazəni dəfn üçün aparsınlar.

Bu üsul abbasi hakimlərinin şiə imamlarına münasibətdə təcrübədən keçirdiyi bir üsul idi. Xalq, xüsusi ilə də şiələr bu üsulla az-çox tanış idilər.

Şeyx Səduqun nəql etdiyinə görə, bu namazdan qabaq evin daxilində həzrət üçün başqa bir namaz da qılındı. Xadim yataqdan bayıra çıxdı və imamın qardaşı Cəfərə müraciətlə dedi: «Ey mənim ağam, qardaşınız kəfən edildi. Ona namaz qılın». Bu vaxt imam Mehdi (ə) göründü və dedi: «Mən atamın namazını qılmağa daha layiqəm».

Məşhur bir rəvayətə görə, imam Həsən Əsgəri (ə) Mötəməd tərəfindən zəhərləndikdən sonra xəstələndi və rəbiul-əvvəlin səkkizində dünyasını dəyişdi. Buna əsasən də, imam Mehdinin (ə) imaməti həmin tarixdən götürülməlidir. Həzrət elə həmin vaxtdan da pərdə arxasındadır. Şübhəsiz ki, həzrət bir gün zühur edər və yer üzünü ədalətlə doldurar.

  • Yazılıb
  • da (də) 2019 Nov 06
  • Göndərən جهان کمالی