Tarix : 2019 Nov 10
Kod 59062

AXCP fəalı saxlanılıb

Noyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ağstafa rayon şöbəsinin fəalı Arzuman Qurbanov saxlanılıb. Bu barədə AXCP-nin məlumatında deyilir.

“Arannews-AXCP fəallarına qarşı repressiya davam edir. Noyabrın 8-də Qazaxda Sınıq körpü sərhəd keçid məntəqəsində (Bakıdan 530 kilometr qərb) saxlanılaraq Qazax rayon polis şöbəsinə aparılan AXCP Ağstafa rayon şöbəsinin fəalı Arzuman Qurbanov Bakıya “bandotdel”ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) gətirilib. Böyük ehtimalla AXCP Nizami şöbəsinin sədri Paşa Umudov kimi ona qarşı da cinayət işi quraşdırılacaq. Bütün dünya rejimdən siyasi məhbusların azad edilməsini tələb edir, rejim isə siyasi məhbusların sayını artırır. Dövlət maraqları, dövlətin imicini düşünmək kitablarında yoxdur. Əksinə, mitinqlərarası fasilədən istifadə edib, maye qazın qiymətini 45 qəpikdən 65 qəpiyə qaldırıblar. Sanki hər gün mesaj verirlər ki, bu rejimdən xilas olana qədər bu xalqa rahat və firavan həyat olmayacaq,” AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb.

AXCP fəalın saxlanılmasını siyasi sifariş hesab edir.

“Arzuman Qurbanov keçmiş polis əməkdaşıdır. Bu ilin oktyabrında barəsində narkotik ittihamı irəli sürülən AXCP fəalı Paşa Umudov da keçmiş polis əməkdaşıdır. Görünür hakimiyyət polis əməkdaşlarının AXCP üzvü olmasını qəbul edə bilmir. Məhz bu səbəbdən də onları cəzalandırır,” AXCP-dən Amerikanın Səsinə bildiriblər.

Xatırladaq ki, Milli Şuranın oktyabrın 19-da mitinqə cəhdi ərəfəsində çoxsaylı insanlar saxlanılıb. Onlardan otuz səkkiz AXCP fəalı 5 sutkadan 60 sutkayadək inzibati həbsə, Paşa Umudov isə cinayət məsuliyyətinə cəlb edilib.

Rəsmi qurumlar Arzuman Qurbanovun saxlanılması ilə bağlı hələ açıqlama verməyib

  • Yazılıb
  • da (də) 2019 Nov 10
  • Göndərən جهان کمالی