Tarix : 2019 Nov 13
Kod 59075

Ayətullah Amili: Qarabağın azad olunmamasının əsas səbəbkarı Amerika dövlətidir

Ərdəbil cümə namazının xətibi: “Azərbaycan xalqı özünün əsas düşmənini tanımalı və bilməlidir ki, Qarabağ torpağının azad olmamasının əsas səbəbkarı Amerika dövlətidir.”

Arannews-Tashaio.com xəbər verir ki, Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi həzrət Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində deyib: “Çox təəssüflə xəbərdar oldum ki, Amerikada erməni lobbisinin fəaliyyəti ilə qondarma Qarabağ hökumətinin xarici işlər naziri Amerikaya səfər edib. Amerika bu xətakara viza vermişdir. Daha pisi isə Amerika Nümayəndələr Konqresi sədrinin onunla görüşməsidir. O, Amerikanın digər rəsmiləri ilə də görüşmüş və onlarla apardığı müzakirələrdə demişdir ki, mənim bu səfərim Qarabağın müstəqil bir hökumət olması və rəsmi dövlət kimi formalaşması üçün bir müqəddimədir.”

Ayətullah Amili əlavə edib: “Mənim iki sözüm vardır: biri Azərbaycan Respublikası xalqına; digəri isə bu ölkənin dövlətinə.

Azərbaycan Respublikası xalqı öz düşmənini yaxşı tanımalı və bilməlidir ki, Qarabağ torpağının azad olmamasının əsas səbəbkarı Amerika dövlətidir. Dövlət və qeyri-dövlət adamları tərəfindən İran məsələsinin ortaya atılması izi itirmək və siyasi məqsədlər üçündür. Amerika xüsusi şəkildə Qarabağ hökumətini himayə edir və bu işi ilə həm Azərbaycanın ərazi bütövlüyünü pozur, həm Azərbaycan xalqına hörmətsizlik edir, həm də Minsk qrupunun tərəfsiz bir qrup olmadığını sübuta yetirir.

Azərbaycan dövlətinə sözümüz budur ki, qeyd olunan hərəkətlər sübut edir ki, siz böyük dövlətlərə, yaxud Minsk qrupuna ümid bağlamamalısınız. Həmçinin bilməlisiniz ki, öz torpaqlarınızı azad etmək üçün Amerika və sionist rejimə göstərdiyiniz xidmətlərinizin hamısı hədər idi və siz bu səhvi davam etdirməməlisiniz. Məğlubiyyətin yarı yolundan qayıtmaq özü bir qələbədir. Öz xalqınıza arxalanın və müsəlman cavanlara güvənin. İyirmi ildən çox yadlara ümid bağladınız, bundan sonra öz xalqınıza və qəhrəman gənclərə ümid edin. Bu il Ərbəin günlərində Azərbaycan Respublikasından 70 min cavan Kərbəlaya getdi. Onlar İmam Hüseyndən (ə) ilham alıblar. Onlara icazə versəniz, bütün Ermənistanı alarlar.”

Həzrət Ayətullah Amili xütbəsinin davamında deyib: “Amerikanın Suriyada ən yaxşı müttəfiqləri kürdlər idi. Lakin Amerika onlara kürəkdən xəncər vurdu və onları tək qoyub Suriyadan çıxdı. Suriyaya hücumda Amerikanın ikinci müttəfiqi Türkiyə idi. Türkiyə Amerikaya ən böyük xidməti göstərmiş və əməkdaşlıq etmişdir. Lakin Amerika Türkiyəyə də kürəkdən xəncər vurdu və bu ölkəyə qarşı ən ağır sanksiyalar qoydu. Bütün bunlar göstərir ki, Tramp güvəniləsi adam deyil və bizim ölkəmiz onunla müzakirə etməməkdə çox düzgün iş görmüşdür.”

İmam cümə vurğulayıb: “Erməni lobbisi Amerikada çox güclüdür. Onlar birinci dünya müharibəsində ermənilərin soyqırıma məruz qalması iddiasını Amerika Konqresinə çıxara bildilər və 405 səs lehinə, cəmi 16 səs əleyhinə olmaqla soyqırımı qəbul etdilər. Tramp dövləti də onlarla əməkdaşlıq etdi və Türkiyəyə qarşı ağır sanksiyalar tətbiq etdi. Bu vəziyyət göstərir ki, Azərbaycan dövləti erməni lobbisindən ən ağır zərbəni almışdır və bundan sonra da zərbə alacaqdır.

Son günlərdə üç amerikalı senatorun Qarabağa gəlməsi də Amerikada erməni lobbisinin işi idi. Bu üzdən Azərbaycan dövləti Minsk qrupu, Amerika və sionist rejimə ümid bağlamamalıdır. İşin çarəsi öz xalqına güvənmək, Azərbaycanın Aşura kimliyi olan xalqından kömək almaqdadır.”

Ayətullah Amili deyib: “Azərbaycanın dövlət adamları bu çox mühüm məsələni bilməlidir ki, nə qədər geciksələr iş çətin və qeyri-mümkün olacaq. Əgər işi işğalın ilk vaxtlarında bitirsəydilər, bugünkü mürəkkəbliyə düçar olmazdılar.”

  • Yazılıb
  • da (də) 2019 Nov 13
  • Göndərən جهان کمالی