Tarix : 2019 Nov 14
Kod 59078

Milli Şura sədri Cəmil Həsənlidən İslam Partiyasına ağır ittiham və qarşı tərəfin CAVABI

Milli Şura sədri Cəmil Həsənli Qənimət Zahidin “Azərbaycan saatı” verilişində AİP-in ünvanına sərt ittihamlar səsləndirib.

Cəmil Həsənli AİP rəsmilərindən birinin onunla görüşmək istədiyini və görüş təyin olunan yerin gizli kamera ilə quraşdırıldığını iddia edib:

“İslam Partiyasının rəhbərliyində olan şəxslərdən biri mənə zəng elədi və mənimlə görüşmək istədi. Mən də buna görüş verdim. Aydın məsələdir ki, biz gərək görüşək, sonra müəyyən edək harda oturaq, söhbətimizi harda edək. Gəldim görüşə, gördüm dostumuz artıq yer-zad müəyyən edib. Elə yeri müəyyən edib ki, hələ Sovet dövründə KQB-nin bir neçə “yafka” yeri varıydı. Yeri gəlmişkən o yerlərin siyahısı məndə var. Gördüm ki, görüşümüzü o yerə salıb. Mən başa düşdüm, doğrusu şəxsiyyətimə sığışdırmadım deyəm “Mən bura getmirəm”. Mən öz aləmimdə elə plan hazırladım ki, bu qarşı tərəfin planını pozum. Mən artıq bilirdim ki, oturduğumuz otaqda kameralar quraşdırılıb. Faktiki olaraq biz kamera qarşısında danışırıq, faktiki olaraq ayrı otaqdan da bizim səsimiz yazılır. Hətta o səsi yazan adamı da mən gördüm. O da dedi ki, (AİP rəsmisi) çox sağolun siz bizim məhbusları da müdafiə edirsiz. Bizə mitinq keçirməyə icazə vermirlər. Biz istəyirik sizin mitinqlərdə iştirak edək, siyasi məhbuslara, o cümlədən dini məhbuslara dəstək ifadə edək. Bunu mənimlə razılaşmaq istəyirdi. Mən də bildirdim ki, biz mitinqlərdə hamını müdafiə edirik. Siz iştirak etmək istəyirsizsə bu sizin vətəndaş hüququnuzdur. Amma bizim mitinqimiz dünyavi mitinqdir. Birinci bizim mitinqimizdə Azərbaycan bayrağından başqa heç bir atribut istifadə edilə bilməz. Yeganə olaraq biz ənənə kimi Avropa Birliyinin bayrağını faktiki olaraq bütün aksiyalarımızda nümayiş elətdirmişik. Çünki bu bizim üçün orientasiya məsələsidir. İkinci mitinqin tələblərinə daxil olmayan şüar səsləndirilə bilməz. Plan bu idi ki, öz nəzarətində olan min nəfər, bəlkə beş yüz nəfər, bu arada 500-1000 arası öz nəzarətində olan islamçıları, yeri gəlmişkən iman sahibi olan islamçılara hörmətim var. Biz onların dini görüşlərini bölüşməsək də, biz onların vətəndaş hüquqlarını müdafiə edirik. Nardaran hadisəsindən sonra necə ki, dini məhbusları müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik. Öz imanları Allahla hökümət arasında bölüşən dindarların bu proseslərə cəlb olunması üçün hökümətin planı var idi. Bunlar oara toplu halında girəcəkdilər, islam bayraqları qaldıracaqlar, təkbir qışqıracaqlar. Hökümətdə məni İslam partiyasının rəsmisilə (sədri deyir) kameralaşdırıb, ordakı təkbirlərlə birləşdirib bütün dünyaya yayacaqdılar ki, buyurun bu da sizin Milli Şura. Bunlar İslam Partiyası ilə əməkdaşlığa gedib daha çox islami mövqedən çıxış edirlər.”

Onun açıqlamasına AİP-in sədr müavini Akif Heydərli islamınsəsi saytı vasitəsilə cavab verib:

” Milli Şuranın sədri Cəmil Həsənli Amerikaya çağırılıb. Soruşa bilərsiz: nə üçün?

8 oktyabr tarixində Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşisinda piket keçirdi. Bütün hökumətyönlü sayt və mətbuat orqanları piketin İslam Partiyası tərəfindən idarə olunmasını detallarıyla sübüt etməyə çalışdı. Və hətta bu qurumun İran tərəfindən maliyyələşdirilməsi iddiası da irəli sürüldü. Milli Şuranın İslamçıların nəzarətinə keçməsi barədə arqumentlər səsləndirildi.

Bu fikirlərin arxasındakı niyyət çoxlarına sadə və adi görünsə də hədəfə dərhal dəydi. İrəli sürülən iddiaları təkzib üçün 19 noyabr tarixli etiraz aksiyasında Əli Kərimlinin şəxsən iştirak etməsi zəruri hesab edildi və həqiqətən iradə göstərib aksiyada tərəfdarlarının önünə düşərək xeyli addımladı. Amma Əli Kərimlinin bu cəhdinə baxmayaraq Amerikada Milli Şuradan şübhə qığılcımları yarandı və tezliklə gözlənilən çağırış gəldi. Cəmil Həsənli məhşər ayağına dəvət alar-almaz 2 noyabr mitinqini gözləmədən “dabanına tüpürüb” əlahəzrətlərinin hesabat masasına oturmaq üçün okeanın o tayına yollandı. Nə deyildi, nə söyüldü, nə döyüldü – deyə bilmərəm. Amma onu deyə bələrəm ki, onun və Milli Şuranın İslam Partiyası ilə heç bir əlaqəsi olmadığını, bu quruma Milli Şuranın tədbirlərində iştirak etmək icazəsi belə verilmədiyini sübüt etməyə məcbur edildi.

Cəmil Həsənlinin bu istiqamətdə yalan, şər və böhtan dolu, həya və abırdan uzaq ssenari ilə hazırladığı fikirləri “Azərbaycan saatı” adı altında yayımlanan YouTube şəbəkəsində özü tərəfindən səsləndirildi. Belə ki, guya 2013-cü il prezident seçkilərində İslam Partiyası Cəmil Həsəliyə müraciət edərək mitinqlərdə iştirak etməyi bildirib və C.Həsənli ilə AİP rəhbərliyi görüş təyin edib və guya həmin görüş MTN-nin müşayiəti ilə keçib. Guya görüş o yerdə olub ki, yeri, görüşə gələn islamçı təklif edib. Adama deyərlər, yalançının zati-alisinə Allahın lənəti olsun.

Əslində Milli Şura, şəxsən C.Həsənli Azərbaycan İslam Partiyasını mitinqlərdə iştiraka dəvət edib. Və görüş yerini şəxsən Cəmil Həsənli təklif edib. Görüşdə İslam Partiyasının nümayəndəsi mitinqdə iştiraka rəğmən partiyadan bir nəfərin çıxış etməsi, şuarların səsləndirilməsi, plakatların qaldırılması və AİP-in haqsız həbsə məruz qalan sədrinin, həmçinin fəallarının azad olunması tələblərinin irəli sürülməsi şərtlərini bildirmişdi. Milli Şuranın sədri Cəmil Həsənli məmnunluqla bu şərtləri qəbul edərək razılığını bildirmişdi. Görüşdən dərhal sonra AİP rəhərliyi partiyaya yaxın xəbər portallarında görüşün nəticələri və AİP-in mitinqə hazırlığa başlaması barədə geniş məlumat verilmişdi. Üstündən bir neçə saat keçdikdən sonra Cəmil Həsənli AİP rəhbərliyinə zəng edərək bu məsələnin, yəni AİP-in mitinqdə iştirakı məsələsinin baş tutmasının qeyri-mümkünlüyü barədə fikrini açıqlamışdır. AİP rəhbərliyindən görüşün nəticələri barədə “İslaminSesi” və “FaktXeber” saytlarında gedən məlumatların təkzib olunmasını xahiş etmişdir.

Təkzib, əlbəttə, verilməmişdir. Cəmil Həsənli bir neçə dəfə, hətta gecə saatlarında zəng edərək heç olmasa məlumatın saytlardan götürülməsini acizanə xahiş etdikdən sonra məlumat silinmişdir. Düşünürəm ki, bu məcburiyyət Milli Şuranın içindən gələ bilməzdi. Çünki ən azı Milli Şuranın tərkibində bir neçə İslamçı var idi və qurumun işində fəal şəkildə iştirak edirdi. Amma məhz eynu günlərdə ABŞ-ın Bakıdakı səfiri Riçard Moniqstarın müxalifət liderləri ilə görüşündə onların əsas diqqətinin siyasi islamın bölgədə fəallaşmasına qarşı yönəlməsinə cəlb edilməli olduğunu bildirmiş və partiyaların bunun öhdəsindən gələ bilməsinə şübhə ilə yanaşdığını qeyd etmişdi. Lazımi tapşırıqlar vermişdi. Düşünürəm ki, Cəmil Həsənlinin İslamçılara kütləvi aksiyada iştirakına səfirin tapşırığından sonra “yox” deməsi anlaşılandır.

Onu deyim ki, Azərbaycan İslam Partiyasına qarşı hazırkı hakimiyyət bütün bacardığını etmişdir. İstər qurumun rəhbərliyi baxımından, istərsə də partiyanın rayon təşkilatları səviyyəsində və hətta sıravi İslamçılara qarşı ən haqsız və ədalətsiz addımları atmışdır. Hakimiyyət AİP-ə hətta 25 illik yubileyini qapalı şəraitdə keçirməyə belə ciddi maneə törədərək buna imkan verməmişdir. Bununla belə İslamçılar əqidələrindən heç zaman dönməmişlər, tutduqları haqq yolunu bu gün də davam etdirməkdədirlər. Ümumiyyətlə İslam əqidəsində xəyanət Cəmil Həsənlinin düşüncə tərzindəki kimi deyil. Əksinə, bu əqidədə şəhidlik vardır, çətin ki, dünyahəris C.Həsənli bunu anlaya bilə. Anlasaydı dünya şöhrətli kinorejissor, 2013-cü il prezident seçkilərində prezidentliyə namizəd Rüstəm İbrahimbəyovu hakimiyyətlə sövdələşməyə gedərək ofsaytda qoymazdı.

Milli Şuraya xəyanət, ailəyə xəyanət, millətin mental xüsusiyyətlərinə xəyanət, dövlətə xəyanət edən Cəmil Həsənli və onun kimi başı boşuna ağardan cəmillər çoxdur. Şər və böhtanlara, yalanlara, yalaqlara görə onun və onların cəzasını inanıram ki, Allah verəcək. Mən vaxtilə Araz Əlazadəni özlüyümdə qınamışdım ki, qoca kişiyə səhvini üzünə deməzlər. Amma səhvlər elə Cəmil Həsənlinin fizionomiyasına ölçülübmüş, fikirləri də özü kimi üfunətli imiş.”

  • Yazılıb
  • da (də) 2019 Nov 14
  • Göndərən جهان کمالی