Tarix : 2019 Nov 14
Kod 59079

ADR Hərəkatının fəalları kütləvi şəkildə polisə çağırılır

zərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı son günlər təşkilat fəallarına qarşı təzyiqlərin olduğunu və onların polisə çağırıldığını bildirib
Bu barədə Turan informasiya agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, əsasən ötən gün ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli "tanışlıq üçün” Xətai Rayon Polis İdarəsinə aparılıb.
Üçsaatlıq söhbət zamanı bildiriblər ki, onun fəaliyyətini çoxdan izləyirlər, daim müşahidə altındadır. Sosial şəbəkələrdəki fəaliyyətini (yalnız statuslarını deyil, paylaşdıqlarını da) izləyirlər. Profilaktika və təhdid xarakterli söhbətdən sonra E.Məmmədlini sərbəst buraxıblar.
ADR Hərəkatı sədrinin digər müavini  Ədalət Yusuba Nərimanov polisindən telefon edərək ictimai-siyasi fəaliyyəti ilə bağlı suallar verilib, tezliklə görüşəcəklərini bildiriblər.
ADR Hərəkatı İdarə Heyətinin üzvü Rövşən Dəmirli Suraxanı Rayon Polis İdarəsinin Hövsandakı  30-cu polis bölməsinə çağırılıb və sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. 
 
ADR Hərəkatının üzvü qocaman riyaziyyat müəllimi Ənvər Ağamalızadə Suraxanı Polis İdarəsinin 33-cü bölməsinə çağırılıb. Onun bütün qohumları barədə soruşublar, onları  siyahıya alıblar və  onu 2 saat sorğu-sual ediblər. Ə.Ağamalızadə 19 oktyabr miitnqində də saxlanılmışdı.
ADR  Hərəkatı Binəqədi rayon təşkilatının sədri Arif Əzizzadə, həmçinin fəallar  Rauf Səlimov və Amid Süleymanov  yerli polisdə sorğu-sual ediliblər.
Göyçay  rayon təşkilatının sədri Hikmət Qasımlı da  "profilaktik söhbət” üçün polisə çağırılıb. 
ADR Hərəkatının 12 noyabr  tarixli bəyanatında deyilir ki, kütləvi həbslər, insanların izlənməsi, polis idarələrinə çağırılması və hədələnməsi, işgəncə faktlarının artması "kriminallaşmış avtoritat rejimin ölkəni xaosa, vətəndaş qarşıdurmasına sürükləməsi təhlükəsi ilə üz-üzə qoyur”. 
Baş verənlər fikir azadlığına qəsd, şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. 
ADR Hərəkatı hakimiyyəti qanunlara hörmət etməyə, öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, vətəndaşlara qarşı apardığı izlənmə, təqib və işgəncə faktlarını dərhal dayandırmağa çağırır, yaranacaq hər hansı xoşagəlməz nəticənin məsuliyyətinin hökumətin üzərinə düşəcəyini bəyan edir. 
ADR Hərəkatı 2016-cı ilin fevralında yaradılıb. Təşkilatın rəhbəri tanınmış siyasətçi və iqtisadçı Qubad İbadoğludur.
  • Yazılıb
  • da (də) 2019 Nov 14
  • Göndərən جهان کمالی