Tarix : 2019 Dec 06
Kod 59138

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb

Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb

Arannews-islamazeri.com "amerikanınsəsi"nə istinadən xəbər verir ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş olub. Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi barədə razılığa gəlib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

İki ölkənin xarici işlər nazirləri bundan öncə sentyabrın 24-də Nyu-York şəhərində görüşüb.


Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
  • Yazılıb
  • da (də) 2019 Dec 06
  • Göndərən جهان کمالی