Tarix : 2019 Dec 17
Kod 59186

Müsavat 78 dairədə deputatlığa namizəd irəli sürüb

Müsavat Partiyası fevralın 9-da növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqlayıb.

Arannews-Bu barədə Meydan TV-yə danışan partiyanın başqanı Arif Hacılı bildirib ki, partiya hələlik 78 birmandatlı seçki dairəsində 81 namizəd irəli sürüb:

“Bu, o deməkdir ki, hələ son deyil. Biz 80 dairədə namizədliklərimizin təsdiqlənməsi niyyətindəyik. Dekabrın 17-də namizəd olmaq istəyənlər sənədlərini dairə komissiyalarına təqdim edəcəklər”.

Arif Hacılı yalnız Naxçıvan Muxtar Respublikasında partiyadan heç kimin namizədliyini irəli sürmədiyini bildirib.

Namizədlər arasında A.Hacılı ilə yanaşı Müsavat Partiyasının keçmiş lideri İsa Qəmbər, keçmiş deputat Arzu Səmədbəyli, başqan müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli, mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli, Gənclər Təşkilatının rəhbəri Elman Quliyev, partiya Məclisinin rəhbəri Nüşabə Sadıqlı, jurnalist Aqil Hümbətov və başqaları var.

A.Hacılı qeyd edib ki, partiya öz namizədlərinin olmadığı dairələrdə digər partiyaların nümayəndələrini dəstəkləyəcək.

Partiya başqanı bəzi dairələrdə iki namizəd irəli sürdüklərini də vurğulayıb və bunu onunla əlaqələndirib ki, hələ bütün müsavatçıların namizədliklərinin qeydə alacaqlarını bilmirlər:

“Əgər qeydiyyatdan sonra dairələrdə iki namizəd qalarsa, partiya bu və ya digər namizədin dəstəklənməsi məsələsini müəyyən edəcək”.

Demokratik Qüvvələrin Milli Şurası, AXCP, Demokratiya və Rifah Hərəkatı, Klassik Xalq Cəbhəsi, Xalq Partiyası seçkiləri boykot etmək qərarı verib.

Müsavat, ADP, Ümid, REAL partiyaları isə seçkilərdə iştirak edəcəklər.

Deputatların Milli Məclisin buraxılması üçün prezidentə etdikləri müraciəti İlham Əliyev qəbul edib və növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

  • Yazılıb
  • da (də) 2019 Dec 17
  • Göndərən جهان کمالی