Tarix : 2020 Jan 31
Kod 59362

Qarabağı Azərbaycana qaytarmayacağıq” deyən ermənilərlə görüş kimə və nəyə lazımdır? – Ekspert açıqlayır

Üzeyir Cəfərov:” Bu danışıqların heç nəyə faydası yoxdur”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı  Zoqrab Mnatsakanyanla növbəti dəfə görüşü gözlənilir.  Görüşün yanvarın 29-30-u tarixlərində İsveçrənin Cenevrə şəhərində baş tutacağı planlaşdırılır. Bildirilir ki, tərəflər öncə ATƏT-in MİNSK Qrupunun həmsədrləri ilə görüşəcəklər və daha sonra təkbətək müzakirələr baş tutacaq.  Artıq 30 ilə yaxındır davam edən danışıqlar prosesinin müsbət nəticə vermədiyini nəzərə alsaq, bu görüşdən də gözləntilər ürəkaçan deyil.

Mövzunu Rakurs.tv-yə şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov maraqlı məqamlara toxunub. O, bildirib ki,  görüş məsələsində Ermənistan tərəfini anlayır. Çünki bu cür görüşlər Ermənistan tərəfinə sərf edir:“Vaxtı uzatmaq, daxili auditoriyaya hesabat vermək üçün bu cür görüşlər Ermənistan hakimiyyətinin xeyrinədir. Lakin Azərbaycan tərəfini, xüsusilə də XİN rəhbərliyini konkret olaraq anlaya bilmirəm. Çünki bu günə qədər aparılan danışıqlarda zərrə qədər də müsbət nəticə və irəliləyiş gözə çarpmayıb.  Ona görə də, bu cür görüşləri mənasız hesab edirəm”.

Üzeyir Cəfərovun sözlərinə görə, ATƏT-in MİNSK Qrupunun Həmsədrləri hər iki tərəfin XİN rəhbərlərini öz təsirləri altında saxlayırlar: “Bütün bunlar beynəlxalq hiylə və oyunun tərkib hissəsidir. Beynəlxalq Qurumlar çoxdan öz nüfuzlarını itiriblər. Görəsən illərdir polşa əsilli həmsədr Anjey Kaspşikdən ağıllı və işgüzar birini tapa bilmirlər ki, əvəzləsinlər?. Əlbəttə ki, bu mümkün olmayacaq. Erməni lobbisinə Kaspşikin həmin vəzifədə qalması sərf edir. Çünki Anjey Kaspşik ermənilərin maraqlarına bütün kriteriyaları ilə cavab verən bir diplomatdır. Ermənilər bu günə qədər onun “fəaliyyətindən” kifayət qədər istifadə ediblər”.

Ekspert deyir ki, ATƏT sədrinin şəxsi nümayəndəsi erməni tərəfinə “həm danışıqlar aparıb, həm də torpaq qaytarmarıq” fikrinin absurd olduğunu niyə başa salmır?.  Axı Ermənistan hakimiyyəti hər dəfə “Qarabağı Azərbaycana qaytarmayacağıq” tipli bəyanatlarla çıxış edir: “Ona görə də bu görüş və danışıqlar mənasızdır, eyni zamanda da Azərbaycanın ziyanınadır.  Bu danışıqların heç nəyə faydası yoxdur. Əsgər ölümləri və cəbhədə atışma əvvəlki kimi davam edir. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da davam etməsində maraqlıdırlar. Çünki münaqişə davam etdikcə, onlar da milyonlarla vəsait əldə edirlər. Bu səbəbdən də tərəflər arasındakı görüşləri mənasız hesab edirəm”.

  • Yazılıb
  • da (də) 2020 Jan 31
  • Göndərən جهان کمالی