Tarix : 2020 Feb 02
Kod 59371

Mehman Əliyev: Oktay Gülalıyevin yoxluğu cəmiyyətdə kifayət qədər hiss olunur

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması səbəbindən bir müddət koma vəziyyətində qalan, hazırda səhhətində müəyyən irəliləyişlərin olmasına rəğmən, müalicəsini Türkiyədə davam etdirən tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev daima cəmiyyətin və onu sevənlərin diqqət mərkəzindədir.

Qeyd etmək lazımdır ki, hüquq müdafiəçisi olan Oktay Gülalıyev Azərbaycanda istər hökumət, istər ayrı-ayrı oliqarxlar, istərsə də məhkəmələr tərəfindən hüquqları pozulan sıravi vətəndaşlara, o cümlədən siyasi mənsubiyyəti və fəaliyyəti olan insanlara hər zaman yardım göstərib, onların tapdalanan hüquqlarının müdafiəsi üçün əlindən gələni əsirgəməyib.  Hökumətin , cəmiyyətdə hüquq və azadlıqları məhdudlaşdıran siyasətini tənqid etdiyi üçün hər zaman təzyiq və təqiblərə məruz qalıb.

Bəs görəsən bir müddətdir səhhətindəki problemlər səbəbindən fəaliyyətini davam etdirə bilməyən Oktay Gülalıyevin cəmiyyətdə yeri necə görünür?

 Rakurs.tv mövzunu “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevlə müzakirə edib. Ekspert bildirib ki,  dünən Oktay Gülalıyevin müalicə aldığı xəstəxanada hüquq müdafiəçisini ziyarət edib: “Özünə də söhbət əsnasında dedim ki, onun yoxluğu cəmiyyətdə kifayət qədər hiss olunur. Bu reallıqdır və hər şey göz qabağındadır. Səhhəti isə yaxşılığa doğru gedir. Mən palataya daxil olanda Oktay bəy oturulu formada idi. Salamlaşdıq və gözlərini açdı. Təxminən 2 saata yaxın gözləri açıq qaldı. Mən nə isə deyəndə gözlərini qırpmaqla reaksiya verirdi.  Həyəcanlılıq hiss olunurdu, anidən dərindən nəfəs alırdı, yəni bu cür reaksiyaları müşahidə etdim. Həkimi ilə söhbət zamanı da, Oktay Gülalıyevin səhhətində dinamikanın olduğunu öyrəndim”.

Mehman Əliyev qeyd edib ki, Oktay Gülalıyevin fəaliyyətinə nəzər salsaq,  onun işindən narazı olan dairələrin nüfuzuna baxsaq, yaxud üzləşdiyi təzyiqləri xatırlasaq, o zaman baş verən hadisənin maraqlı şəxslər tərəfindən törədildiyini deyə bilərik: “Lakin başqa dəlillərdə var ki, bu hadisənin təsadüf nəticəsində baş verdiyini göstərir. Ancaq hesab edirəm ki, indiki istintaqın gedişindən insanlar tam olaraq məlumatlı deyillər. Müəyyən məsələlər açıqlansa da,  bu tamlıq təşkil etmir. Belə məsələlər adətən məhkəmə prosesi zamanı açılır və cəmiyyət hər şeyi görür. Bütün faktlar və videolar cəmiyyətə çatdırılmalıdır. Bu proses çərçivəsində də, hadisənin təsadüf, yaxud təxribat olduğu aydınlaşacaq”.

  • Yazılıb
  • da (də) 2020 Feb 02
  • Göndərən جهان کمالی