Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın bazalara zərbələri nəticəsində zərərçəkən olmayıb. Daha sonra o, kontuziyanın olmasını etiraf etmişdi.
Arannews- Sputnik. İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 64-ə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmi məlumat yayıb.
Qurumun məlumatına görə, bu hərbçilərə yüngül kəllə-beyin travması diaqnozu qoyulub.
Yaralanan 64 hərbçidən 39-u tibbi yardım aldıqdan sonra xidmətlərinə geri dönüb. 18 nəfər isə müalicə üçün Almaniyaya göndərilib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın bazalara zərbələri nəticəsində zərərçəkən olmayıb. Daha sonra o, kontuziyanın olmasını etiraf etmişdi.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.
Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 64 hərbçinin xəsarət aldığını bildirir.