Tarix : 2020 Feb 10
Kod 59409

Seçki başa çatdı, Amerikanın "exit poll"u qalibləri açıqladı

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

 Arannews-APA-nın məlumatına görə, saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb. Saat 19.00-da seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb. 

Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) veb-kameralar quraşdırılıb.

5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.

ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatı Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə bağlı apardıqları "exit-poll"un nəticələrini açıqlayıb.

"Report" xəbər verir ki, şirkətin vitse-prezidenti Corc Börnbaun bunun Azərbaycanda keçirdikləri sayca 5-ci "exit poll" olduğunu deyib.

O bildirib ki, sorğular 1053 seçki məntəqəsində aparılıb: "Nəticələr 47 sahə nəzarətçisinə artıq təqdim edilib. Nəticələr Nyu-Yorkdakı ofisimizə çatdırılıb. Gün ərzində 76 min müsahibə aparılıb. Hər məntəqə üzrə təxminən 640-650 sayda müsahibə düşüb".

C.Börnbaun deyib ki, bunun rəsmi nəticələrdən cüzi fərqi ola bilər.

Şirkətin sorğusunun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə 69 yer qazanıb. Parlamentə seçilən deputatların 41-i müstəqil şəxslərdir. 

Vətəndaş Həmrəyliyi Partiyası 3, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Vəhdət Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1 mandat qazanıb.

  • Yazılıb
  • da (də) 2020 Feb 10
  • Göndərən جهان کمالی