Tarix : 2020 Feb 16
Kod 59433

Abbas Hüseyn zindandan yazır: "Yaxşı ki, məni əvvəldən doğru yola yönəltmisən"

Siyasi məhbus Abbas Hüseyn zindandan məktub yazıb.

Arannews-Vetenugrunda.az-a göndərdiyi məktubunda o, Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə bütün xanımlara, bütün analara təbrikini çatdırıb:

"Xanım Zəhranın (s.a) mövludu münasibətiylə bütün analara...

Öz dəyərləri ilə yaşayıb onları qoruyan hər kəsə salam olsun.
Bu gün əziz peyğəmbərimizin (s.a.s) sevincli günüdür.

Bu gün elə bir şəxsin dünyaya gəldiyi gündür ki, onun həyatı, yaşayışı, vilayət üçün etdiyi fədakarlıqları, haqq üçün olan mübarizəsi həm kişiyə, həm də qadına hər sahadə nümunədir. O, bu gün cismən dünyaya gəlmiş olsa da, lakin Allah onun nurunu dünya yaranmadan öncə xəlq etmişdir.

Bu gün mələklər göylər aləmindən yerə enib Hz.Zəhraya (s.a) səcdə edib. Göy və Yer əhli,cənnətdəki mələklər bu mübarək xanımın dünyaya gəlişi münasibətiylə bir-birini təbrik edib. Çünki o, hər iki aləmdəki xanımlardan ən üstünüdür. Bəşərin xəlqi Adəm (s) və Həvvanın (s.a) yaranmasıyla başlanğıc götürüb, amma onların da yaranma səbəbi Xanım Zəhradır (s.a).

Hər kəs həyatdan həzz alıb,yaşamağı xoş görürsə,Xanıma (s.a) təşəkkür etməlidir. Çünki Xanım (s.a) olmasaydı,Allah bu dünyanı yaratmazdı. O, paklığın və təmizliyin təcəssümüdür. Onun adının elə bir cazibəsi vardır ki, zikr edənin qəlbi genişlənər, sevgi ilə dolar. Xanım Zəhranın (s.a) məqamı barədə mədhlər yazıb söz deməkdə böyük ustadlar belə aciz qaldıqlarını etiraf ediblər, mən isə öz kiçikliyimlə daha da acizəm.

Yalnız Xanımın (s.a) ehtiramı üçün Peyğəmbərdən (s.a.s) nəql olunan iki hədisi yazacam. Həzrət buyurub: "Fatimə (s.a) elə bir insandır ki, indiyə qədər Allahın razı olmadığı bir iş görməmişdir. "Digər hədisdə isə belə buyurur: "O, insan surətində bir Cənnət hurisidir. Cənnət üçün darıxdığım zaman onu öpərəm".

Xanım Zəhranın mövludu həm də qadınlar və analar bayramı deməkdir. Bu səbəbdən yazımın ikinci hissəsini dəyərli analarımıza həsr edirəm.

Analar cismən zəif olsalar da,əslində böyük iradəli,möhkəm vüqarlıdırlar,hər bir insanın qürurudurlar...Ana-dil açanda dediyimiz ilk kəlimədir,xəstələnəndə bizimlə bərabər narahat olandır,uşaq ikən başımıza gələn hər çətinlikdə köməyə çağırdığımızdır.Özü zərifdir,amma qocaman sevgisiylə hər cəfanın öhdəsindən gələndir Ana.

Heç bir çətinliyin qarşısında təslim olmayan, gözə görünən yeganə mələkdir Ana! Yaranışından xəbəri olmayan körpənin,hələ kimisə tanıyıb dərk etməyənin ilk sığınacağıdır. Qorunmaq üçün hər kəsin qaçdığı qucaqdır Ana..Ana övladlarıyla bərabər əzilməyə, sevilməyə adət edəndir... Hər zaman dərdləri dərd bilən, dərdlərlə yüklənmək istəyəndir O...

Körpəlikdən bizləri təkcə bələyə deyil, sevgiyədə bürüyən ana bir ömür ailənin baş tacı, evin bəzəyidir. Xoş nəfəsiylə soyuq divarları isidəndir. Gözəl üzü, şirin sözü ilə evi nurlandırandır Ana. Həm də gözəl sirdaşdır. Ananın məhəbbəti hər zaman övladın xatirəsində tazədir. Nəfəsi sübh çağı tək şəfa verəndir. Ana-təkcə bir övlad tərbiyə etməklə sanki bütün cəmiyyəti tərbiyə edir. Ananın tərbiyə etdiyi övlad cəmiyyətdə böyüyüb ucalır, qol-budaq açır, özündən sonrakılara örnək olur.

Bu cür nümunəvi övladlar böyütməklə möcüzələr yaradır Ana.
Ana-ən çətin anlarda belə çıxış yolu tapan, heç ümidini itirməyən möhkəm qaladır. Ana sözü 3 hərf olsa da böyük anlam daşıyır.

Allah qadınların içindən peyğəmbər göndərmədi, lakin onu analıq kimi müqəddəs bir vəzifəylə şərəfləndirdi. Peyğəmbərləri dünyaya gətirən oldu.

Bir çox işlərdə peyğəmbərlərlə eyni missiyanın daşıyıcısı oldu. Əbəs yerə buyurulmamışdır ki, cənnət anaların ayaqları altındadır. Ananın övladına olan sevgisi Allahın bəndəsinə olan sevgisi kimidir. 

Haqq, vətən, torpaq, din uğrundə şəhid olanlara görə biz hər zaman analara təşəkkür etməliyik. Çünki ananın saf, təmiz tərbiyəsinin nəticəsidir ki, övladları bu cür dəyərlər uğrundə şəhadət qapılarına doğru can atırlar.
Sonda məni hər zaman anlayıb öz dəstəyini əsirgəməyən, uşaqlığımdan günahdan, pisliklərdən çəkindirən, qoruyan, nəsihətlər edən, namazı öyrədən, xüsusən də Hz.Hüseynin məhəbbətini mənə aşılayan gözəl anama təşəkkür edirəm və səni çox sevirəm. Yaxşı ki, varsan. Yaxşı ki, məni əvvəldən doğru yola istiqamətləndirmisən. Gözümün nuru, ana, ömrümün sonuna qədər sənin nəfəsinə ehtiyacım var, özünü qoru. Bayramın mübarək.

Bütün Analar, sizində bayramınız mübarək. Bu gün sizin gününüzdür!

Abbas Hüseyn
8 saylı Cəzaçəkmə Müəssisəsi".

 

YADDAŞ

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Müsəlman Bilriyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunmuş daha 16 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib. Amma Abbas ittihamları qəbul etmir. Əməliyyatda ikisi polis olmaqla, öldürülən altı nəfərin hamısının əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini, özlərinin isə evdə namaz qılarkən hücuma məzru qaldıqlarını, onların heç birində silah olmadığı və ittihamların qurama olduğunu bildirir.

Qeyd edək ki, Abbas Hüseyn 2017-ci ildə həbsxanada baş verən qanunsuzluqlara etiraz etdiyinə görə saxlandığı Qobustan qapalı həbsxanasında çarmıxa çəkilib. Qobustan həbsxanasının rəhbərliyi onu yayın qızmar günəşi altında qollarını və ayaqlarını dəmirə bağlayaraq işgəncə verib. O, bu barədə vəkili Yalçın İmanova məlumat verib. Yalçın İmanov bu dəhşətli işgəncə faktını mətbuata çıxarıb ictimailəşdirdiyi üçün onu Vəkillər Kollegiyasından uzaqlaşdırmaqla vəkillik fəaliyyətinə son qoydular. 

  • Yazılıb
  • da (də) 2020 Feb 16
  • Göndərən جهان کمالی