Tarix : 2020 Feb 28
Kod 59481

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi koronavirusdan yazdı

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov koronavirusla bağlı özünün sosial şəbəkə profilində məqalə yazıb

İslamazeri.com məqaləni təqdim edir:

"AY KORONOVİRUSU DƏRD EDƏN XƏSTƏ DÜNYAMIZ!

Hamıya məlum olduğu kimi bu il yeni ilimiz Koronovirusla başladı. Hər yerdə təşviş, hər yerdə həyəcan və hər yerdə qorxu. Gəlin məsələyə bir az da başqa yöndən baxaq.
Görəsən, Koronovirusu böyük dərd edən dünya ölkələri bunları nə zaman dərd edəcək? Yoxsa xəbərsizdirmi?
* * *
Dünyada hər 6 saniyədə bir nəfər, bir ildə isə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd olunub.
Nədən əhəmiyyət verilmir? Çünki iqtisadi səmərəsi 1 trilyon dollardan çoxdur. Ona görə?
* * *
Spirtli içkilərdən istifadə dünyada ölüm səbəbləri arasında 3-cü yeri tutur. Hər il milyonlarla insan onun törətdiyi fəsadlar ücbatından həyatını itirir.
Nədən həyəcan siqnalı çalınmır? Çünki iqtisadi qazancı milyardlarladır. Ona görə?
* * *
Hər il Narkotik maddələr və qeyri-məşru cinsi əlaqələr üzündən milyonlarla gənclərin həyatı dağılır, həyatlar zülmətə çevrilir və insanlar gənc yaşlarındaca məhv olub aradan gedirlər. Bir halda ki, belə hallar çox ölkələrdə heç cinayət belə hesab olunmur? Əksinə xüsusi şərait belə yaradılır.
Nədən laqeyd yanaşılır? Çünki bu şeytan əməllərinin də ekonomik faydası insan həyatından qat-qat dəyərlidir. Ona görə?
* * *
Hər il yarım milyondan çox insan müharibələrdə ölür. BMTnin hesabatına görə son 25 il ərzində müharibələrdə 12.5 milyon müsəlman həyatını itirib. Onlardan 3 milyondan çoxunu uşaqlar təşkil edib.
Nədən biganəlik var? Çünki 3-də biri müharibə şəraitində olan ölkələrin demək olar ki, hamısı müsəlman ölkələrinin acı qismətinə düşür. Silah ticarəti parta-part gedir, həm də ölənlərin irqinə, dininə və millətinə baxır bu dünya. Ona görə?
* * *
Dünyada hər gün aclıqdan 25 min adam ölməkdədir. Yer üzündə hər 5-10 saniyə içərisində bir uşaq aclıqdan həyatını itirir. Yaşadığmız kürədə 821 milyon insan acdır. 2 milyard insan yoxsulluq və 753 milyon insan isə həddsiz fəqirlik şəraitində həyatda qalmağa çalışır.
Nədən tədbir alınmır? Çünki ən üstün varlıq olaraq yaradılan insan, ən alçaq məxluq və ən vəhşi heyvandan da dəhşətli hala gəlib yırtıcı eqoizmə yoluxub tək özünü düşünür, öz kapitalını, bank hesabını qaldırmağa çalışır. Ona görə?
* * *
Dünyada yurd yuvasından didərgin düşən insanların sayı 21.5 milyondur. Hər il minlərlə uşaq, qoca və qadın dəniz və çay sahillərindən keçərkən ölümə tərk edilir. Yurd yuvasından didərginlər yollarda soyuqdan, qidasızlıqdan və müxtəlif məhrumiyyətlər ücbatından ölümə yuvarlanırlar.

Nədən çarə tapılmır? Bir halda ki, humanizmdən dəm vurub, heyvanların belə qayğısına qalan iddiaçı dövlətlər və beynəlxalq təşkilatlar olduğu halda nədən tüklərini belə tərpətmirlər?
* * *
Görəsən bunlardan qorunmaq və həyacan siqnalı çalıb bəşəri vicdanları titrətməklə dünya ölkələrinin səfərbər olması üçün bu öldürücü amillərin də adı KORONOVİRUSmu qoyulmalıdır?

MƏNCƏ ÇARƏ, DÜŞÜNÜB ANLAMAQDA, İSLAH ETMƏKDƏ, DÜZƏLMƏKDƏDİR, BİR DƏ DUADA. ALLAH ÖZÜ NƏZƏR ETSİN, QƏZƏB YOX!

Ramin İgidov"

  • Yazılıb
  • da (də) 2020 Feb 28
  • Göndərən جهان کمالی