Tarix : 2020 Mar 02
Kod 59495

Ucarda susuzluq problemi: sakinlər Bakı-Qazax yolunu kəsdi

Ucar rayonunun Bərgüşad kəndinin sakinləri bu gün bir saata yaxın Bakı-Qazax yolunu bağlayıblar.

Arannews-Virtualaz.org xəbər verir ki, sakinlər kəndin su probleminin uzun müddətdir ki, həll olunmamasına etiraz edirlər. Onların sözlərinə görə, bütün ətraf kəndlərdə su olsa da, bu kəndin əhalisi susuzluqdan əziyyət çəkir. Kəndlilər nəinki təsərrüfatları suvarmaq, heç içmək və əl-üz yumaq üçün də su tapmırlar.

“Bizim narazılığımız rayon rəhbərliyindəndir. Doqquz  ay olar ki içməli su tapa bilmirik. Uşaqlarımız bir həftədir məktəbə gedə bilmirlər, çünki əl-üzlərini yumağa su yoxdur. Təsərrüfatlarda heyvanlar susuzluqdan tələf olur, şəxsən mənim 20 baş qoyunum məhv olub. Kəndə suyu maşınla gətirib satırlar. Bizim bir maşın suya 40-50 manat  verməyə imkanımız yoxdur ”,- sakinlərdən biri deyir. Əlavə edir ki, kənd sakinləri heç müharibə dövründə də belə zülm çəkməyiblər.

Etiraz edən Bərgüşad sakinləri deyirlər ki, su problemi ilə bağlı dəfələrlə rayon rəhbərliyinin qəbulunda olublar. Onlara problemin həll olunacağı vəd olunsa da heç bir tədbir görülməyib. Sakinlər məcbur qalıb çıxış yolunu yolu bağlamaqda görüblər.

“İcra başçısı hər dəfə bizimlə görüşəndə vəd edir ki, su çəkiləcək, amma vədinə əməl etmir. Rayon rəhbərliyindən bizə dedilər ki, rayonda su ilə bağlı qıtlıq yaranıb. Amma bu qıtlıq deyil, qıtlıq olanda su gah gəlir, gah kəsilir. Bizdə isə su yerli-dibli yodur. Tutaq ki, içməli suyu pul verib aldıq, bəs təsərrüfatlarımız necə olsun?”, - digər kəndli bildirib.

Sakinlər deyirlər ki, Bərgüşad kəndinə gəlməli olan su Göyçay rayonu ərazisində kəsilərək istixanalara verilir. Qonşu rayonda istixanalar belə suvarılsa da, Bərgüşad sakinləri susuz qalıblar.

Yolu bağlayan sakinlərlə Bakı-Qazax yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri arasında əlbəyaxa dava düşüb. Etirazçılar icra başçısının əraziyə gəlməsi tələbinə əməl olunacağı təqdirdə yolu açacaqlarını bildiriblər. Əvvəlcə Ucar rayon polis idarəsinin rəisi , sonra isə icra başçısı Mənsuz Məmmədov əraziyə gələrək etirazçıları dinləyib.

İcra başçısı bildirib ki, kəndin su problemindən xəbərdardır və bununla bağlı iki dəfə kənd sakinləri ilə görüşüb. Artıq problemin həlli üçün işlərə başlanılıb: “Su problemi hazırda aran rayonlarının hamısında var. Bizim rayonun ucqar kəndlərində də daha çox yaşanır. Bunun da səbəbi ötən ilin avqust ayından başlanan ciddi quraqlıqdır. Məsələ sudan qənaətlə istifadə etməklə, sakinlərin ümumi köməyi ilə həll olunmalıdır.İş aparılır, texnikalar işləyir. Sadəcə mənbədə su olmadığına görə, quraqlığın güclü olması, verilən suyun torpağa kifayət etməməsi camaatda narazılıq yaradıb. Məsələ nəzarətdədir və öz həllini tapacaq”, - M. Məmmədov bildirib.

İcra başçısı həmçinin bildirib ki, problem həll olunana qədər kəndin içməli su ilə təmin olunması üçün su maşını ayrılıb. Bu su maşını vasitəsilə əhali pulsuz öz hovuz və çənlərini doldura bilər. Bələdiyyə sədrinə tapşırıb ki, problem həll olunana qədər ayrılan su maşınını yanacaqla təmin etsin.

  • Yazılıb
  • da (də) 2020 Mar 02
  • Göndərən مدير سايت Aran News