Tarix : 2020 Mar 09
Kod 59515

Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

AİP böyük İslam şəxsiyyəti, insanlığın mərhəmət, şəfaət, hünər və mənəviyyat güzgüsü olan birinci imamımız Həzrət Əlinin (ə) mövludu münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik etdi.

Arannews-dən İslaminSesi-nə daxil olan təbrikldə deyilir:

“ Bu gün İslam tarixinin böyük şəxsiyyəti, birinci imamımız Həzrət Əli ibn Əbu Talib (ə)-ın mövlud günüdür. Bu əziz gün, İslam dünyası üçün olduqca dəyərli tarix, şəxsiyyətlərin yetişməsində canlı nümunə, insanlığın mərhəmət, şəfaət, hünər və mənəviyyat güzgüsü olan Həzrət Əlinin (ə) mövlud günü münasibətilə ilk növbədə zəmanəmizin İmamını (ə.f) və xalqımızı, dünyanın tərəqqipərvər müsəlmanlarını, xüsusən O Həzrətin elminin aşiqlərini ürəkdən təbrik edir, bu parlaq və tükənməyən nur çırağından qəlblərinizə hərarət, iman yolunuzda uğur diləyirik.

Həzrət Əli(ə) elə bir tarixi və əbədiyaşar, həyatı, elmi ilə bəşəriyyətə öndər və örnək olan, daim öyrədən və öyrənilən şəxsiyyətdir ki, onun həyatını, elmini və təfəkkürünü, İslam dininin yaşamasında və intişarında rolunu sözlə ifadə etmək mümkün deyil. Həzrət Peyğəmbərdən (s.ə) sonra İslam dininin danışan dili və parlayan aynası oldu O Həzrət.

Əbəs yerə əziz Peyğəmbərimiz (s.ə) O Həzrəti elmin qapısı adlandırmır. 14 əsr əvvəl, rəcəb ayının 13-də Allah evi- Kəbədə dünyaya göz açan Əli (ə) həyatı boyu bütün elmini və gücünü Allah Təaladan almışdır. Həzrət Əli (ə) dünyagörüşü, elmi və fəlsəfəsi, həyat tərzi, ictimai münasibətləri və siyasi baxışları bu gün də aktual, hər kəs üçün örnək sayılacaq mənəvi bazadır. İnsanlıq məktəbi olan Həzrət Əlinin (ə) həyatı bütün cəmiyyətlər üçün məktəb, haqqın və ədalətin ideal bələdçisidir. Bütün müsəlman dünyasında olduğu kimi ölkəmizdə də ictimai təfəkkürün inkişafı, din, vətən, torpaq təəssübkeşliyi duyğu və düşüncəsinin real həyatda təzahürü üçün İslam müqəddəslərinin nümunəsinin öyrənilməsi bu gün mühüm amillərdəndir.

Azərbaycan İslam Partiyası hər kəsin həyatında özü, ailəsi, xalqı və ümumən bəşəriyyət üçün aktual olan Həzrət Əliyə (ə) məxsus nümunəvi dəyərlərin qorunmasını və tətbiqini, və hər bir müsəlmanın bundan bəhrələnməyini arzulayır. Bir daha hər birinizi bu müqəddəs mövlud günü münasibətilə təbrik edir, dəyərli ömrünüzə bərəkət, gələcək xeyirli bayramlar diləyirik.”

 

  • Yazılıb
  • da (də) 2020 Mar 09
  • Göndərən جهان کمالی