May ayında 45 zəhərlənmə hadisəsi olub. Nəticədə 53 nəfər zərər çəkib. İyun ayında isə bu rəqəm 89-a, zərərçəkənlər isə 112-yə çatıb
Azerbaijan Servisi/Aran Agentliyi
Yayın gəlməsi ilə qış aylarına nisbətən zəhərlənmə hallarının sayı artıb. Bu barədə ANS PRESS-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.
Onun sözlərinə görə, aydan aya zəhərlənmə dinamikasında artım müşahidə edilib: «May ayında 45 zəhərlənmə hadisəsi olub. Nəticədə 53 nəfər zərər çəkib. İyun ayında isə bu rəqəm 89-a, zərərçəkənlər isə 112-yə çatıb».
İmran Abdullayevin fikrincə, buna səbəb - yay fəslinin gəlişi ilə əlaqədar bəzi qida məhsullarının saxlanması və daşınması ilə bağlı problemlərin yaranmasıdır: «Bəzi müəssisələrdə məhsulları saxlamaq üçün soyuducu sistemi olmur ki, bu da ərzağın keyfiyyətinə təsir göstərir».Onun sözlərinə görə, bu cür zəhərlənmələr daha çox məişət zəminində baş verir. Belə ki, bəzən ev şəraitində müəyyən yeməklər gigiyenik qaydalara uyğun hazırlanmır, bəzən onların saxlanma qaydaları da pozulur.
Yay fəslində zəhərlənmələr qarpız və yemişlə də bağlı olur. Bu fəslin ilk iki ayı ərzində həmin tərəvəzlərin hesabına ölkə üzrə 17 nəfər zəhərlənib. Burada da əsas rolu bostan bitkilərinin düzgün saxlanmaması olub: «Bu bitkilər uzun müddət günəş şualarının altında olur, nəticədə onların tərkibi dəyişir».
İmran Abdullayev bu il baş vermiş üç kütləvi zəhərlənmə hadisəsini də əsasən vətəndaşların məişətdə düzgün davranmaması ilə bağlayıb: «Zəhərlənmələrdən biri Türkan qəsəbəsində daş karxanasında çalışan 7-8 fəhlə arasında olub. İkinci hadisə isə Ağdamda toy mərasimində qeydə alınıb. Bu zəhərlənmə də məişət zəminində olub. Toy mərasimi şadlıq sarayında keçirilsə də, yeməklər ev şəraitində hazırlanıb». İ.Abdullayev mağazalarda istifadə müddəti keçmiş məhsulların satışına da toxunub: «Bir çox mağaza müdirləri bu kimi hallara yol verdiyi üçün cəzalandırılıb. Qayda pozuntuları ən çox kiçik həcmli dükanlarda rast gəlinir. Belə dükanlarda məhsulun yarısı soyuducuda, çox hissəsi isə ayaq altında olur. Cəza tədbirləri əsasən cərimə şəklində həyata keçirilir: fiziki şəxslər 100 manata qədər, hüquqi şəxslər isə 100 manatdan 200 manata kimi cərimələnir. Əhalinin sağlamlığına ziyan vuran müəssisələrin təhlükə sovuşana qədər fəliyyətlərinə xitam verilir. Bəzən onların fəaliyyəti birdəfəlik dayandırılır».
İmran Abdullayevin sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məhsulları həm mikrobakterioloji, həm kimyəvi, toksioloji və radioloji göstəricilərinə görə yoxlayır. Yoxlamalar zamanı daha çox mikrobioloji pozuntulara rast gəlinir: «Qidanın tərkibində stapildopla, san manero, prastitilər, kif göbələklərinin olub-olmaması yoxlanılır. Bu bakteriyalar insan orqanizmində mədə-bağırsaq pozğunluğuna, baş ağrısına səbəb olur. Yüksək doza isə hətta ölümlə nəticələnə bilir. Qida məhsullarınada olan bəzi mikroblar isə görməyə, göz sinirinin iflicinə, udma aktının pozulmasına səbəb olur».
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə dövlət rəsmisinin bütün hallarda zəhərlənmələrin günahını istehlakçılarda görməsi ilə razılaşmır: «Deyirlər ərzaq pis saxlanılıb, evdə saxlanılan qidadan olub. Bir dəfə də olsun nə malın adı, nə satıldığı yerin adı çəkilib! Azərbaycanda qida zəhərlənmələri ört-basdır edilir». İmran Abdullayevin bu ilin üçüncü kütləvi zəhərlənmə hadisəsi saydığı və Bakıdakı «5 qazan» restoranınıda baş vermiş hadisə də AİB sədrinin dediklərinə uyğun gəlir. Burada nahar etmiş 12 nəfər toyuq ətindən hazırlanan dönərdən zəhərlənib və buna heç cür məişət şəraitində zəhərlənmə saymaq olmaz".
AİB sədri zəhərlənmə barədə məlumatların beynəlxalq səviyyədə də gizlədildiyini vurğulayır: «Amerikadan olan nümayəndələr ilə birlikdə qida təhlükəsizliyi ilə bağlı seminarda iştirak edirdik. Seminarda dedilər ki, son üç ildə Azərbaycanda qida zəhərlənməsindən ölən olmayıb. Bizdə qidadan zəhərlənib ölənlər barədə heç bir qurumda - nə Səhiyyə Nazirliyində, nə Statistika Komitəsində məlumat tapmaq olur».
Eyyub Hüseynov bunun əsas səbəbini Azərbaycanda istehlakçı siyasətinin olmaması ilə izah edir: «Qidaların saxlanma şəraitinə əməl edilmir. Məsələn, körpə qidaları 0-25 dərəcə temperaturda saxlanmalı oluduğu halda, mağazalarda onların 70 faizindən çoxu 40 dərəcədə saxlanılır».
AİB sədrinin bildirdiyinə görə, bəzi məhsullar saxta olduğundan elə istifadə vaxtı keçmədən də zəhərlənmələrə səbəb ola bilər: «Sərinşləndirici içkilər bazarının 40 faizi insan sağlamlığı üçün zərərdir. Onlar naməlum tozların, mayelərin qarışdırılması yolu ilə əldə edilir. Şüşələrdə satılan limonadların demək olar ki, hamısı saxtadır».