Tarix : 2008 Jul 21
Kod 5957

ORDUDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Hərbçilərimizin bu xəstəliyə tutulmasının ilkin səbəbi kimi onlara keyfiyyətsiz ərzağın verilməsi halları göstərilir
Azerbaijan Servisi/Aran Agentliyi
“Bərdə və Şəmkir korpuslarının hərbi hissələrində 200-ə qədər əsgər dizenteriyaya (qanlı ishal) tutulub. Xəstələr dərhal Gəncə, Sarıcalı, Saatlı və Əhmədbəylidəki hərbi hospitallara yerləşdirilib. Hərbçilərimizin bu xəstəliyə tutulmasının ilkin səbəbi kimi onlara keyfiyyətsiz ərzağın verilməsi halları göstərilir. Onlar ərzaqdan zəhərlənib”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında ehtiyatda olan hərbi qulluqçu, polkovnik-leytenant Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, ehtiyatda olan bir qrup zabitlə birgə bugünlərdə döyüş bölgəsindəki hərbi hissələrə baş çəkiblər. Onlar iki gün ərzində cəbhə bölgəsindəki hərbi hissələrdə olaraq vəziyyətlə yerindəcə tanış olublar.
Üzeyir Cəfərov bildirdi ki, Bərdədəki hərbi birləşməyə məxsus hərbi hissələrin anbarlarında ötən həftə xeyli miqdarda vaxtı ötmüş, keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb: “Özü də qəribədir ki, bu yoxlamalara əsgər valideynlərinin şikayəti səbəb olub. Hərbi xidmətdə olan övladları ilə görüşən valideynlər onların keyfiyyətsiz ərzaqdan şikayətləndiyini görərək bununla bağlı yuxarı instansiyalara müraciət ediblər. Yuxarı komandanlığın göstərişi ilə ərzaq anbarlarında aparılan yoxlamaların nəticəsi isə dəhşətli faktları üzə çıxarıb. Nəticədə 1 tona qədər yararsız ət və ət məhsulları aşkarlanaraq məhv edilib”.
Üzeyir Cəfərovun sözlərinə görə, hospitallara yerləşdirilmiş əsgərlər ciddi həkim nəzarəti altındadır: “Əsgərlərin müalicəsi normal gedir. Bütün hospitallarda vəziyyət bu mənada qənaətbəxşdir. Ən acınacaqlı durum isə Sarıcalı hospitalındadır. Burada antisanitariya baş alıb gedir, hər yanı bit-birə basıb”.
Müdafiə Nazirliyinin bu fakta münasibətini öyrənmək istəsək də nazirliyə açdığımız telefon zənglərinə cavab verən olmadı. Görünür, ona görə ki, dünən istirahət günü idi. Bəli, ərazilərinin 20 faizi işğal altında olan bir ölkənin Müdafiə Nazirliyinin, bu qurumda çalışan yetkili şəxslərin yaxşı-yaxşı dincəlməyə, hər şənbə-bazar günlərini layiqincə keçirməyə daha çox ehtiyacı və mənəvi haqqı var. Əsgər xəstələnə də bilər, itə, aza, əsir düşə, hətta ölə də bilər. Əsas odur ki, generallarımız, polkovniklərimiz mənalı istirahətindən qalmasın.
P.S. Lap tutaq ki, dünən iş günü olub və Müdafiə Nazirliyindən də sorğumuza cavab vermək istəyən səlahiyyətli bir şəxs tapılıb. Amma o, nə deyəcəkdi ki?! Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Adil Məmmədov adlı əsgərin silahını da götürüb Beyləqandakı hərbi hissədən qaçması və iki-üç gündür axtarılması faktı ilə bağlı suala “Mən bu haqda indi eşidirəm” deyə cavab verirsə, yəqin ki, hər şey aydındır.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 21