Tarix : 2020 Apr 17
Kod 59626

Əli Kərimlinin daha bir mühafizəçisi həbs olunub

Cəbhəçi fəal 30 sutka həbs cəzası alıb

Arannews-AXCP-nin daha bir üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov həbs olunub. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, Xətai Rayon Məhkəməsində cəbhəçi fəalın haqqında 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb. O, İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.

Amma AXCP N.Əhmədovun həbsini partiyaya qarşı repressiyaların tərtib hissəsi kimi qiymətləndirir.

“Niyaməddin Əhmədovun məhkəməsi gizli keçirilib. Onu aprelin 15-də axşam saatlarında saxlayıblar və aprelin 16-sı günortaya qədər yaxınlarına yeri barədə heç bir məlumat verilməyib. Sonradan müəyyənləşdirilib ki, 30 sutkalıq həbs qərarı çıxarılıb, artıq Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanadadır. Niyaməddin Əhmədovu karantin rejimini pozmaqda ittiham ediblər. Halbuki, o, SMS-icazə ilə evdən çıxıb. Sadəcə, AXCP üzvlərinə qarşı repressiyaların davamıdır”, - deyə AXCP-dən bildirilib.

N.Əhmədov aprelin 15-də saxlanmamışdan az öncə “Facebook” səhifəsində Prezident İlham Əliyevin müxalifətə qarşı münasibət və ritorikasını tənqid edən fikirlərini paylaşmışdı:

“28 il hakimiyyətdə oturub özündən əvvəlki bir ilə nifrinlər tökmək, müxalifətin ünvanına nəinki prezidentə, heç bir intelligent adama yaraşmayan epitetlər səsləndirmək qəzəbin nümayişidir. Dünya koronovirus bəlası ilə müharibə apardığı bir zamanda kəmfürsətlik edib Tofiq Yaqublunu, cəbhəçi gəncləri, azad düşüncəli insanları həbs etdirmək yaşanan əsəb sarsıntılarının püskürməsidir. Və əlindən başqa heç nə gəlməyib gücü yalnız Əli Kərimlinin kommunikasiya xəttlərini kəsməyə çatması isə artıq bağırsağı kəsən dişlərin xırçıltısıdır, Azərbaycanın ən ucqar nöqtələrində də eşidilir, insanların ətini ürpəşdirir”.

Son bir həftədə AXCP-nin beş fəalı həbs olunub. Onların arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla başqa bir mühafizəçisi Ruslan Əmirov, gənc fəallar Baba Süleymanov, Nicat Abdullazadə də var.

Daxili İşlər Nazirliyi isə bu həbslərin müxalifətə qarşı repressiya kimi qiymətləndirilməsini “obyektivlikdən uzaq, dezinformasiya və cəmiyyəti çaşdırmaq cəhdi” adlandırıb

  • Yazılıb
  • da (də) 2020 Apr 17
  • Göndərən جهان کمالی