Arannews- Salyan Rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyilə keçirilən prosesdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əlzamin Salayevə hökm oxunub. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib.
Xatırladaq ki, bu ilin yanvar ayında Əlzamin Salayev Salyan Rayon Polis Şöbəsinin baş təhqiqatçısı Həmzə Əzizovla bağlı video paylaşdıqdan sonra onun şikayəti əsasında saxlanılmışdı. Videoda AXCP fəalı Həmzə Əzizovla mübahisə edərək, onun rayondakı qadınlardan birinə təcavüz etdiyini deyir. Ə.Salayev bildirib ki, sözügedən qadın elə bu polis əməkdaşına bıçaqla xəsarət yetirdiyinə görə həbs edilib, hazırda həbsxanadadır.
Ə.Salayev videonu yayandan sonra – yanvarın 24-də həbs olunub. Ona İXM-nin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka həbs cəzası verilib. O, həbsdə olarkən ailəsinə göndərdiyi məktbunda Səbail rayonu, 8-ci polis bölməsində işgəncələrə məruz qaldığını bildirib. Dəhşətli işgəncələrin nəticəsində onun belindəki yırtıq partlayıb. Z.Salayev həbsdən çıxdıqdan sonra bel yırtığından əməliyyat olunub.
Qeyd edək ki, bu AXCP fəalı Əlzamin Salayevin ilk həbsi deyil.