Azərbaycan hökumətinin koronavirusla mübarizəTədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirləri çərçivəsində ölkədə 600 min insan 190 manat birdəfəlik müavinət veriləcəyi deyildi. Bunun üçün hökumət 70 milyon manat vəsait xərcləyəcəyini də bildirdi. Lakin sonradan bəlli oldu ki, 190 manatlıq müavinət Qarabağ veteranlarına və onların xanımlarına şamil edilmir. Niyəsi isə budur ki, onlar hər ay 80 manat təqaüd alırlar. Bu isə Qarabağ veteranlarının və onların ailə üzvlərinin etirazına səbəb olub.
Arannews-vetenugrunda.az Qarabağ qazilərinin bu mövzuya münasibətini oxuculara təqdim edir:
Rövşən Əhmədli- Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri. Qarabağ qazisi:
"Koronavirusla əlaqadar olaraq ölkəmizdə elan edilmiş karantin rejiminə görə dövlətin təyin etdiyi 190 manat birdəfəlik müaviəntin məbləği çox gülünc və utanvericidir.
Bir ailədə 5 nəfər işsiz olduğu halda onun birinə 190 manat yardım verilməsi əslində vətəndaşı ələ salmaqdır.
Bu məbləğ real bazar qiyməti və sosial vəziyyətlə uyğun deyil. 190 manat 5 nəfərlik ailənin ən uzağı iki həftəlik ən zəruri qida məhsullarına yetişə bilər. Üstəgəl, karantin rejimi hər bir vətəndaşa şamil edildiyi halda bu 190 manatın hamiya şamil edilməməsi sual doğurur? Bunu hansı məntiqlə tənzimləyiblər?
Amma sonrakı proseslər göstərdi ki, əslində bu 190 manatlıq müavinəti də normal şəkildə paylamaq məqsədləri yoxdur. Deyirlər ki, bu müavinət Azərbaycanda 600 min nəfərə çatdırılacaq. Əslində bu müavinət ölkədə 3 milyon insana verilməlidir ən azından.
Əslində ölkədə son dönəmlər baş verənlər göstərdi ki, ölkə əhalisinin çox böyük hissəsi işsizdir. Nəhayətdə bu 190 manatlıq müavinətin Qarabağ veteranlarına verilməməsi, nəinki veteranlara, hətta onların ailə üzvlərinə verilməməsi çox absurddur.
Qarabağ veteranının xanımına mesaj göndərilir ki, araşdırma zamanı ərinizin təqaüd aldığı bəlli oldu. Birincisi, biz təqaüd almırıq. Qarabağ döyüşçüləri vaxtilə kommunal xərclərdən azad edilmişdi. Sonradan bu kommunal xidmətləri ödəməli olduq. Bunun əvəzində müavinət verildi. Son dəfə bu müavinət artaraq 80 manat oldu.
İndi gəlin müqayisə edək. Deməli, bu karantinlə bağlı verilən müavinətin məbləği 190 manatdır. Qarabağ qazilərini və onların həyat yoldaşını bu müavinətdən məhrum edirlər ki, sən 80 manat təqaüd alırsan. Onda bu 80 manat təaqüd də karantin günlərində 190 manat məbləğində verilməlidir. Bu artım isə Qarabağ veteranının digər ailə üzvünü 190 manatlıq müaviətdən məhrum etməməlidir. 80 manata görə ailədə həm ərin, həm arvadın karantin günlərində vətəndaşlara verilən müavinətdən məhrum edilməsi çox böyük ədalətsizlikdir. Bu ədalətsizliyə son qoyulmalıdır".
İlqar Əli –"Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri. Qarabağ qazisi:
"Kaş bu hakimiyyət ikinci dünya müharibəsinin iştirakçılarına və onların ailə üzvlərinə verdiyi dəyərin 20 % ni, Qarabağ döyüşlərində iştirak edən və sağlamlığını itirənlərə verəydi.
O ki, qaldı pandemiya dövründə dövlətin vətəndaşlara verdiyi maliyyə dəstəyinə, bu ilk növbədə Qarabağ döyüşlərinin iştirakçılarına və sağlamlığını itirən döyüşçülərə, onların ailələrinə şamil olunmalı idi.
Bu ögey münasibətin nəticəsidir ki, Qarabağ 28 ildir işğaldadır".
Asif Yusifli -Qarabağ qazisi: "Qarabağ qazilərinə və veteranlara bu hakimiyyət hər zaman mənfi münasibət bəsləyib.
Veteranların 80 manat kompensasiya aldığı üçün koronavirusala bağlı təyin edilmiş karantin rejiminə görə vətəndaşalara veriləcək 190 manatlıq müavinətdən məhrum edilməsi absurddur.
Qazilərin əksəriyyətinin mütəmadi həkim müayinəsinə və müalicəyə, dava- dərmana ehtiyacı var.
Verilən 80 manatlıq təqaüd də, hətta həmin 190 manat həcmində olan yardım da çox azdır.
Azərbaycan hökumətinin Şəhid ailələrinə və Qarabağ qazilərinə mənfi münasibəti gənc nəslin tərbiyəsinə, vətənpərvərlik hisslərinə çox pis təsir edir. Gedib vətən uğrunda canını fəda edən açından batırsa kim bunu təkrarlamaq istəyər?
Konstitusiyanin 25 - maddəsində qanun qarşısında bərabərlik nəzərdə tutulur. Ayrı seçkilik isə qadağan edilib. İkinci Dünya Müharibəsində iştirak edənlərə 1500 manat yardım edən hökumət bu vətəni qoruyanlara 190 manatı da çox görür. Bu özü ayrı seçkilikdən xəbər verir".