"Təhqir mərdiməzar və acizlərin, təmkin və məntiq isə ləyaqətli insanların özünü ifadə formasıdır.
Arannews-Islamazeri.com xəbər verir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov facebook vasitəsilə Marneuli sakinləri olan azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədən "Əlyazmalar Mərkəzinin rəhbəri" Zaza Abaşidzenin timsalında bütün bu tip insanlara cavabında deyilir.
Məqalədə deyilir:
"Ölkəmizin koronavirusla mübarizə apardığı çətin günlərdə təəssüflər olsun ki, ara-sıra bəzi şəxslərin tərəfindən bir millətə və bögənin sakinlərinə qarşı ksenofob, kobud təhqiredici və etikadan kənar yazılarının şahidi oluruq.
Bu “patriot” iddialı kor-koranə nasionalist və nasist düşüncəli insanlar, demokratik şəraitdə olan ölkəmizin söz azadlığından suistifadə edib sosial media üzərindən bir vətəndaş xalqın şərəfini alçaltmaq, hisslərinə toxunmaq məqsədi ilə təhqir və böhtan qarışıq ifadələrlə dolu yazılar paylaşırlar.
Belə vəziyyətdə onlarla vətəndaşı olduğumuz dövlət və təhqir olunan xalqımızın nümayəndəsi necə davranmalıdır?
Dövlətin müvafiq orqanları bir xalıqın milli mənəvi dəyərləri açıq-açığına təhqir edilərkən, həmin millətin nümayəndələrinin hissləri ilə oynadıldıqda, qəti şəkildə cinayət məsuliyyətinə cəlb etməli, təhqiramiz ifadələr işlədən kimliyindən, vəzifəsindən və şəxsiyyətindən aslı olmayaraq, ölkə qanunları çərçivəsində qanunla cəzalandırılmalıdırlar. Bu halın təkrarlanmaması üçün mütləq ciddi ölçü götürülməlidir.
Bir vətəndaş və xalqımızın bir nümayəndəsi olaraq mənə görə təhqirə təhqirlə cavab vermək, azacıq fərqli olsa da müəyyən qədər səhvi təkrarlamaq, vəziyyəti daha da gərginləşdirməkdən ibarətdir. Belə halda təhqiredici ifadələr işlədənə heç cür səhvini anlatmaq olmaz, həm də haqlı ikən haqsız duruma düşərik, öz milli keyfiyyətmizi isbat edə bilmərik. Bir də ki, belə nalayiq yazılar əgər müəyyən təxribat və məkirli planlar məqsədi ilə edilmiş olarsa, bu zaman düşmənin dəyirmanına su tökmüş olarıq.
Bildiyimiz kimi dinimiz də təhqirə yol verilməsinin əleyhinədir. Təhqir və böhtan aciz insanların işidir. Ağıllı, ləyaqətli, cəsarətli və qüdrətli insanlar təhqir və böhtana heç vaxt əl atmır, əksinə öz mövqelərini üslubuna uyğun şəkildə dəlillərlə ortaya qoyar, isbat etməyə çalışarlar.
Həzrət Məhəmməd Peyğəmbərimiz (s) buyurub: "Kişinin gözəlliyi dilinin gözəl danışması ilədir." İmamımız Həzrəti Əli (ə) isə: "Dilin səni uzun müddətli zindana və həlakətə salmamışdan qabaq onu zindana sal. Çünki heç bir şey düz yoldan çıxan və cavab verməyə tələsən dil qədər uzun müddətli həbsə layiq deyildir.", -deyə buyurmuşdur.
Nensi Uilyardın belə bir məsləhəti var: “Mərdimazarın əsas məqsədi qarşı tərəfin təmkinini pozmaqdır. Təmkini itirən şəxs isə artıq onun əlinə düşmüş olur”.
Bir də ki, hər kəsin sözünə görə də narahat olub onları gözümüzdə böyütməməliyik. Atalarımız demişkən “Öz anasını sevən, özgə anasını söyməz”. Ona görə də hər gizli profillərlə və ya şəxsiyyəti bilinməyənə də cavab vermək lazım deyil.
Necə ki, Şarl Lui Monteskyo demişkən “Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər.” Burada Mövlananın türkcə məşhur sözü də yada düşür: Suskunluğum asaletimdendir. Her lafa verilecek bir cevabım var. Lakin bir lafa bakarım laf mı diye. Bir de söyleyene bakarım adam mı diye?”
Sonda onu demək istərdim ki, çoxmillətli və çoxdinli rəngarəng ölkəmizin hər bir güşəsi bizim vətənimizn bir parçasıdır. Bu vətən də dinindən, millətindən və irqindən aslı olmayaraq bütün biz vətəndaşların anasıdır. Bu günə qədər necə ki, əziz gürcü xalqı ilə birgə azərbaycanlı vətəndaşlar da bu vətəni sevmiş, keşiyində durmuş, onun rifahı, inkişafı və çiçəklənməsi uğrunda çalışmışlar, bundan sonra da belə davam edəcəklər. Nalayiq sözlər yazıb münasibətləri pozmağı düşünən insanlar da bilsinlər ki, onların sözləri yalnız özlərinə nifrət qazanmaqdan başqa bir işə yaramayacaq. Heç kəs millətlər arasında olan tarixi dostluğa xələl gətirə bilməyəcəkdir."