Tarix : 2020 May 10
Kod 59694

Əli Hüseynli: körpü tikintisinə qarşı çıxanlar məlumatsızdılar

Azərbaycanın Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Araz çayı üzərində körpü tikintisinə münasibət bildirdi
“Report”un məlumatına görə, Azərbaycanın Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Araz çayı üzərində körpülərin tikintisi ilə KİV-in suallarını cavablandırıb.
 
- Son günlərdə yerli mətbuatda Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında müzakirələr yaranıb. Bildirilir ki, bu məsələ ilə bağlı Azərbaycan və İran Hökumətləri arasında Saziş də imzalanıb. Sazişdə nə deyilir?
- Birincisi, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir, bu barədə Azərbaycan və İran arasında beynəlxalq sənəd imzalanıb.
İkincisi, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsibir daha dəqiq formada təsdiq edir.
Üçüncüsü isə Saziş hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir. Yəni hər iki hidroqovşaqdan və su elektrik stansiyalarından istifadə yalnız Azərbaycana və İrana məxsusdur.
Bütün bunlarla yanaşı, hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır. Yəni su elektrik stansiyalardan 3-cü dövlətin istifadəsi mümkün deyil. Saziş və ya sazişin müddəaları ilə tanış olmaq istəyənlər e-qanun.az internet səhifəsinə daxil olaraq beynəlxalq sənədlə tanış ola bilərlər.
- Bəs Sizcə bu qurğuların tikintisi hansı zərurətdən irəli gəlir və indiki geosiyası vəziyyətdə, İran-Azərbaycan münasibətlərinə bu məsələ necə təsir göstərə bilər?
- Qeyd edilən hidroqovşaqların tikilməsi məsələsi yeni məsələ deyil. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanmış və həmin Sazişə əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilmişdir. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılmış və layihələr yenidən işlənmişdir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq dayandırılmışdır. Sonrakı dövr ərzində yuxarıda qeyd edilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfidən aparılmışdır.
2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır və məhz iki dövlət arasında dostluq münasibətlərinin nəticəsində baş tutmuşdur.
- Bəs nə üçün bu Saziş 4 il sonra mətbuatın gündəminə düşüb? Bunu səbəbi nədir?
- Görünür, həmin ərazilərdə aparılan intensiv işlər Ermənistan və ölkəmizə düşmən mövqeyi tutanları qıcıqlandırıb. Eyni zamanda yerli ictimaitdə bu məsələ ətrafında gedən proseslərə nəzər saldıqda dövriyyəyə buraxılmış bir sıra fikirlərin məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan qaynaqlandığını demək mümkündür. Həmçinin bu məsələyə münasibət bildirən bir sıra “ekspertlərin” siyasi ve hüquqi savadının aşağı səviyyədə olmasıdır. Lakin bilərəkdən bu kampaniyada iştirak etmək və ya tərkib hissəsi olmaq yolverilməzdir.
Məsələ isə kifayət qədər aydın və birmənalıdır. 2016-cı ilin fevral ayında imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, bəyanat, beynəlxalq təşkilatların qətnamələri və xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir.

 
  • Yazılıb
  • da (də) 2020 May 10
  • Göndərən امیر ثابت