Arannews-Meydan tv:Xəbər verir ki:Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədr Alsi L.Hastinqs və həmsədr, senator Rocer Viker insan haqlarının Azərbaycandakı vəziyyəti ilə bağlı birgə bəyanat yayıb. Azərbaycan hakimiyyətinin müxalifətə, aktivistlərə və jurnalistlərə qarşı təqib və təzyiqlərini pisləyən bəyanatda deyilir:
“Pandemiya dövründə sağlamlıqla bağlı tədbirlər siyasi motivli repressiyalara haqq qazandıra bilməz. Azərbaycan hökumətinin cərimələr, həbslər, təqiblər, işgəncələr vasitəsilə öz xalqının söz, fikir və ifadə azadlığını məhdudlaşdırmaqda davam etməsi barədə məlumatlardan dərin narahatlıq keçiririk. Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri və başqa fəalların, reportyorların ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadəyə son qoymalıdır.
Son həftələrdə Azərbaycan hakimiyyəti ölkənin əsas müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) və müxalif “Azadlıq” qəzetinə bağlı şəxsləri həbs edib, istintaqa cəlb edərək dindirib, cərimələyib, işgəncələrə məruz qoyub.
Koronavirusun qlobal miqyasda yayılmasından sonra Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimlinin telefon rabitəsi və internetə çatımlılıq imkanlarını mütəmadi məhdudlaşdırır, onun ətraf aləmdən təcrid edir, onun mediaya müsahibəsinə imkan verilmir”.
Bəyanatda daha sonra deyilir:
“Ötən həftə müxaliflərdən ibarət koalisiya hakimiyyəti AXCP-nin həbsdə olan üzvü Niyaməddin Əhmədova işgəncə verməkdə ittiham etdi. AXCP-nin digər üzvləri və yazarlar, o cümlədən Aqil Hümbətov, Faiq Əmirli, Səadət Cahangir hakimiyyətin koronavirus pandemiyasıyla bağlı addımlarını tənqid edəndən az sonra karantin rejimini pozmaq ittihamıyla saxlanılıb".