Qarabağ məsələsini Ermənistanın keçmiş prezidentləri ilə müzakirəyə qarşı deyiləm.
Arannews-Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Nikol Paşinyan bir daha “köhnə nağılını” təkrarlayıb və Qarabağın danışıqlar prosesinə qatılmasının “vacib olduğunu” bildirib:
“1998-ci ildən faktiki olaraq Qarabağ (Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində qurulan qondarma rejim nəzərdə tutulur – red.) danışıqlarda iştirak etmir və tərəflər arasında bununla bağlı elan edilməmiş konsensus var. Bu vəziyyət bizim üçün bəzi çətinliklər yaradıb, amma əminik ki, Qarabağ nümayəndələrinin iştirakı olmadan heç bir qərar qəbul edilə bilməz”.
Paşinyan Qarabağda sülhməramlıların yerləşdirilməsi perspektivləri ideyasından bəhs edərkən, bu ideyanın danışıqlarda hər zaman mövcud olduğunu deyib. Bununla belə o, istənilən modelin Ermənistan və Qarabağ əhalisi tərəfindən dəstəklənməsi gərəkdiyini bildirib.
Paşinyan Qarabağla bağlı hansısa variant hazırlanan kimi onun ilk növbədə Ermənistan və Qarabağın separatçı-terrorçu rejiminin “təhlükəsizlik şurası”, sonra “parlamentlər” və “xalqları” ilə müzakirə ediləcəyini deyib.