Arannews-Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin İslami Şura Məclisinin 11-ci çağırışının açılışı münasibətilə göndərilən mesajı bu gün səhər Ali Rəhbərin ofisinin sədri höccətül-islam Məhəmmədi Qolpayeqani tərəfindən parlamentin ilk iclasında oxunub.
Ali Rəhbərin mesajında bildirilir: “Məclis ən vacib məsələləri həll etməlidir. Daha çox mütəxəssis, nizamlı, aktiv və vicdanlı nümayəndələrdən ibarət olan məclisin olması çox vacibdir. Nümayəndələr ölkənin vəziyyəti və prioritetləri haqqında məlumat sahibi olmalıdırlar."
İqtisadiyyat və mədəniyyətin ölkənin prioritetlərindən olduğunu diqqət çəkən Ayətullah Xamenei 11-ci çağırış parlamenti millət vəkillərinə aşağıdakı tövsiyələri verib:
“Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdəki səhlənkarlıq və etnik qütbləşmə zərərli ola bilər. Deputatlar məşğulluq, istehsal, milli pulun dəyəri, inflyasiya və müqavimət iqtisadiyyatının ümumi siyasətini təşkil edən milli iqtisadiyyatın ümumi məzmunu kimi mövzuların yenidən qurulmasına diqqət yetirməlidirlər”.
Hər kəsin qanuna uyğun hərəkət etməli olduğunu vurğulayan Ali Lider onu da bildirib ki, “qanun düzgün və lazımi şəkildə istifadə edilsə, ölkə ən yüksək hədəflərinə çatacaq”.
Mesajda həmçinin bildirilir : “Deputatların bir biri ilə əməkdaşlığı, gənc və yeni deputatların təcrübəli deputatlarla təcrübə mübadiləsi, sağlam rəqabət, önəmli qlobal və daxili hadisələrdə inqilabı mövqe sərgiləmək, araşdırma mərkəzi və hesablama palatasına diqqət, çıxışlarda ölkənin ictimai rəyinə sabitlik və etimad bəxş etmək, icra və məhkəmə orqanları ilə qarşılıqlı əməkdaşlıq, lazımsız və zəhlətökən qanunlara yol verməmək – mənim sizə digər tövsiyələrimdir”.