AİP Respublika günü münasibətilə xalqımızı təbrik edib. Redaksiyamıza daxil olan təbrik müraciətində deyilir:
“Arannews-Bu gün tarixdə deyildiyi kimi, 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gündür və 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd olunur.
Mövlamız Həzrət Əlinin (ə) dediyi kimi “Ölkə və şəhərlər VƏTƏN sevgisi ilə abadlaşır.” Müsəlman Azərbaycan Cumhuriyyəti dünyəvi olduğu qədər əhalisinin böyük əksəriyyəti üçün Quran və Əhli-Beytə (ə) bağlı bir Vətən olaraq quruldu. Müstəqil dövlətçilik ənənəsinin təməli qoyulduğu və bu gün artıq dövlət bayramı kimi qeyd olunan Respublika günü münasibətilə xalqımızı, dünya azərbaycanlılarını ürəkdən təbrik edir, Azərbaycanda yaşayan bütün xalqların və millətlərin sıx birliyini, inkişafını, hər bir ailənin xoşbəxt gələcəyini Allahdan diləyirik.
Ziddiyyətli bir dövrdə, çətin ictimai-siyasi şəraitdə yaradılan, elan edilən Azərbaycan Xalq Cumhuriyyəti qısa ömür yaşasa da dövlətçilik tariximizə çox dərin və böyük iz buraxdı. Dövlət atributlarındakı İslam rəmzləri Azərbaycanın sonrakı tarixində də milli-mənəvi-İslami dəyərlərin qorunması və bir xalq kimi yaşamasında həlledici addım oldu. Təəssüflər olsun ki, xristian təəssübkeşliyi istər sovet imperiyası dövründə, istərsə də Cumhuriyyətin sələfi olan müstəqil Azərbaycan Respublikasının indiki zamanında ölkəmizə dünya gücləri tərəfindən ikili standartların tətbiqi ərazilərimizin işğal olunmasına, milli sərvətlərimizin talan edilməsinə şərait yaratdı.
İnsanda ən acı təəssüratı isə bəzi daxili qüvvələrin qəlbi Vətən sevgisi ilə çırpınan, mənəvi dəyərlərin daşıyıcıları olan vətəndaşlarımıza, xüsusən də ruhani alim və həqiqi islamçılara qarşı yönələn yanlış və neqativ münasibətlərin, düşməni sevindirən addımların atılması yaradır. Belə addımlar eyni zamanda xalqımızın düşmən qarşısında birliyinə, Vətənin tərəqqisi naminə vəhdətinə, ən əsası isə işğal altında qalan müqəddəs torpaqlarımızın azad edilməsinə ciddi əngəllər törətmək üçün düşmən tərəfə fürsət verir.
Azərbaycan İslam Partiyası olaraq bu keşməkeşli dövrümüzdə dinimizin azad şəkildə təbliği, Vətənin azadlığı uğrunda şəhadət məktəbinin təlim olunması, gələcək inkişafımız üçün Vətən sevgisində insanlara Əhli-Beyt (ə) yolunun təlqin edilməsi olduqca gərəkli bir məsələdir. Bütün bunların həyata keçirilməsinə və yuxarıda qeyd etdiyimiz əngəllərin aradan qaldırılması üçün məhbəsdə ömür sürən və istintaq altında saxlanan ruhani alimlərimizin, Əhli-Beyt (ə) aşiqlərinin tezliklə azad edilməsi ən optimal şərait yarada bilər. Ümidvarıq ki, hakimiyyət dairələri bütün bunları nəzərə alıb həlledici addımlar atacaq.
Xalqımızı bir daha Respublika günü münasibətilə təbrik edir, bütün ailələrə nisgillərinin aradan qalxmasını, firavan həyat diləyirik”