Bu günlərdə bir sıra informasiya agentlikləri və KİV-lərin yaydığı məlumatlar iki ölkə arasında diplomatik münasibətlər tarixində yeni səhifənin aşılmasından xəbər verdi
Turkyə Servisi/Aran Agentliyi
Ermənistan Respublikası 1991-ci ildə öz dövlət müstəqilliyini elan edəndən bəri, Türkiyə onu rəsmən tanısa da, məlum səbəblərə görə bu dövlətlə diplomatik münasibətlər qurmadı. Uzun illər iki ölkə arasında münasibətlərin yaxınlaşdırılması istiqamətində ABŞ və Avropa dövlətləri ciddi cəhdlə səy göstərsələr də, son zamanlaradək buna nail olmaq mümkün olmamışdı.
Bu günlərdə bir sıra informasiya agentlikləri və KİV-lərin yaydığı məlumatlar iki ölkə arasında diplomatik münasibətlər tarixində yeni səhifənin aşılmasından xəbər verdi.
Belə ki, Türkiyə və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşması istiqamətində gizli danışıqlar apardıqları bəlli oldu. Nəzərə alsaq ki, daha öncə iki dövlət arasında heç bir diplomatik münasibətlər mövcud olmayıb, o zaman baş verənlər xüsusi bir çalarlarla gündəmə gəlir. Axı onların arasındakı sərhədlər 15 ildən də yuxarıdır ki, bağlıdır.
Bu xəbərlərin doğru olub olmadığı məsələsi Türkiyə və Ermənistanla yanaşı, Azərbaycan ictimaiyyətini də əndişələndirdi. Və çox keçmədi ki, Türkiyənin Xarici İşlər naziri Əli Babacan erməni diplomatlarla görüş xəbərini təsdiqlədi. Lent.az-ın “Azadlıq” radiosuna istinadən yaydığı xəbərə görə, Əli Babacan jurnalistlərlə söhbətində deyib ki, onun tapşırığına əsasən erməni diplomatlarla ara-sıra görüşlər olur: “Türkiyə erməni diplomatlarla görüşləri davam etdirəcək.
«Hürriyet» qəzetinin baş redaktoru Ərtoğrul Özkökün sözlərinə görə, Türkiyənin xarici siyasət idarəsinin yüksək vəzifəli məmurları əvvəllər də bu məlumatları təsdiqləyiblər, lakin bunu nəşr etməməyi xahiş ediblər: «Onlar mənə dedilər ki, məqalə dərc olunarsa, bunu rəsmən təkzib edəcəklər».
Qeyd edək ki, Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında gizli danışıqlar aparılması barədə xəbəri Türkiyənin “Hürriyet” qəzeti yayıb. Qəzetin nüfuzlu yazarlarından Metehan Dəmirin qələmə aldığı məqalədə bildirilir ki, iyulun 8-dən başlayaraq İsveçrənin Bern şəhərində Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında gizli danışıqlar başlayıb. Bir neçə gün davam edən danışıqlarda Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı başçılıq edib.
Qəzet Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün son vaxtlar verdiyi açıqlamaları xüsusi diqqətə çatdırıb. O, ABŞ-ın “The Wall Street Journal” qəzetinə müsahibəsində sərhədlərin bağlı olmasına baxmayaraq, mədəni, humanitar və idman sahələrində iki xalqı birləşdirən ümumi maraqların olduğunu bildirib. Serj Sarkisyan hesab edir ki, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: “Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik”. Ermənistan prezidenti bu sözləri söyləməklə saxta və uydurma “soyqırımı” məsələsi ilə bağlı birgə komissiya yaradılmasına dair Türkiyənin təklifinin qəbul edilə biləcəyinə işarə vurub. S.Sarkisyanın fikrincə, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərinin simvolik startı olacaq.
Türkiyənin xarici siyasət idarəsi qəzetdə dərc edilənlərə dərhal şərh verməkdən çəkindi. «Hürriyet» isə prezident Abdulla Gülün son zamanlar baş verən hadisələr fonunda sentyabrın 6-da İrəvana səfərini də istisna etmir. Məlum olduğu kimi, Serj Sarkisyan türkiyəli həmkarını futbol üzrə 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək iki millinin oyununu birgə izləməyə dəvət edib.
Xatırladaq ki, daha öncə Türkiyə Ermənistanla münasibətlərin qurulmasının şərti kimi Qarabağ münaqişəsinin həllini və Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının «erməni soyqırımı» törətməsi barədə irəli sürdüyü iddiadan əl çəkilməsini göstərirdi.
İyulun 19-da Türkiyənin Azərbaycandakı səfirliyi ölkə rəhbərliyinin Ermənistanla gizli danışıqlar aparması məsələsi ilə əlaqədar bəyanat yayıb. Səfirliyin mətbuat xidmətindən verilən məlumatlara əsasən, Türkiyə 1991-ci ildə Ermənistanı müstəqil dövlət kimi tanıyıb: «Bu çərçivədə bəzən tərəflər arasında görüşlər olur. O cümlədən də XİN-lər səviyyəsində».
Səfirlikdə bu diplomatik görüşlərdə başqa məna axtarmamağı tövsiyyə edirlər.
Qeyd edək ki, müzakirə olunan əsas məsələlərdən biri də Ermənistanla Türkiyə arasındakı sərhədlərin açılması məsələsidir. Ermənistanın İnqilabi «Daşnaksütün» Federasiyasının siyasi məsələlər üzrə ofisinin direktoru Kiro Manoyan da məsələ ilə əlaqədar mövqe bildirib: «Sərhədlərin açılması təqdirində, Qarabağ münaqişəsi bir ay ərzində həll ediləcək. Çünki o zaman Azərbaycan Ermənistan üzərində yeganə üstünlüyünü də itirəcək». Manoyan bildirib ki, Türkiyənin Qarabağ məsələsində mövqeyini dəyişəcəyinə inanmır. Lakin Türkiyə-Ermənistan münasibətlərində istənilən müsbət dəyişiklik Qarabağ münaqişəsinin həllinə də təsir göstərəcək: «Bu zaman Azərbaycan artıq uduzduğunu anlayacaq. Elə bunun üçün də Azərbaycandakı narahatçılıq şəxsən mənə çox aydındır». Eyni zamanda o qeyd edib ki, sərhədlərin açılması ehtimalı yüksək deyil. Çünki bu zaman Türkiyə Ermənistana qarşı çox ciddi addım atmış olardı.
Kiro Manoyan bildirib ki, Türkiyə təbliğat məqsədi ilə Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində istənilən addımı atmağa qadirdir. Lakin bu addımlar daha çox görüntü xarakteri daşıyacaq. Sonda isə o, fikirlərini belə tamamlayıb: «Eyni zamanda, Ermənistan türkiyəyə heç bir güzəşt edə bilməz. Çünki onlar, sadəcə olaraq, yoxdur. Yeganə güzəşt «erməni soyqırımı»nın tanınması siyasətindən imtina ola bilərdi. Lakin bu variant mümkünsüzdür».
Türkiyənin «Turkish Daily News» qəzetinin verdiyi məlumata əsasən, ölkənin xarici işlər naziri Əli Babacan bunları deyib: «Türkiyə Ermənistan üçün «həyat qapısıdır» və İrəvan seçim etməlidir: diqqəti problemlərə cəlb etmək, yoxsa Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açmaq». Türkiyə XİN-in rəhbəri deyib ki, «keçmişlə tarixçilər məşğul olmalıdırlar, siyasətçilər isə gələcəyə baxmalıdırlar».
Amerikaya son səfəri çərçivəsində Babacan ABŞ prezidentliyinə hər iki namizəd - Barak Obama və Con Makkeynlə görüşdü. O, namizədlərə 1915-ci il hadisələri ilə əlaqədar Türkiyənin mövqeyini əks etdirən sənədlər təqdim edərək, Ankaranın problemi araşdırmaq məqsədi ilə müstəqil ekspertlər komissiyası yaratmağa hazır olduğunu söyləyib. Əli Babacan qeyd edb ki, «Türkiyə üçün qonşuları ilə münasibətlərdə «0 problemi» məqbuldur. Ermənistan isə blokadadır və sərhədlərin açılmasına ehtiyac duyur».
Türkiyə-Ermənistan münasibətlərindəki hadisələrin belə cərəyan etməsini şərh edən siyasətçi Rasim Ağayev deyib: «Sözügedən danışıqlar geniş ictimaiyyətdən gizli saxlanılsa da, əminəm ki, bu heç də qəfildən baş verən hadisə deyil. Bu danışıqların baş tutacağı haqqında həm Ermənistan, həm də Türkiyə rəsmiləri əvvəlcədən xəbərdar olublar». Ekspertin rəyinə görə, danışıqlara təəccüblənmək lazım deyil. Çünki müttəfiqlərin münasibətlərinin nə dərəcədə kövrək olmasına dair dünyada kifayət qədər nümunələr var. Eyni zamanda müasir zamanda şəxsi mənafelər siyasi münasibətlərin qurulmasında aparıcı rol oynayır. Elə amerikalıların İkinci dünya müharibəsinin sonlarında SSRİ lideri Stalindən gizli olaraq faşist Almaniyası ilə apardıqları danışıqları xatırlamaq kifayətdir
Lakin politoloq düşünür ki, Türkiyənin bu addımı səhvdir. Çünki qonşu ölkə gələcəkdə də ermənilərin fitnələrinə müqavimət göstərməlidir. Özü də tək deyil, Azərbaycan və bütün türk dünyası ilə birlikdə: «Təəssüf ki, biz hələlik Türkiyənin Ermənistanla separat danışıqlara hazırlığını görürük».
Rasim Ağayev həmçinin bir neçə il öncə Azərbaycan prezidenti Heydər Əliyevin Türkiyə-Ermənistan münasibətlərinin genişlənməsinə qəti etirazını xatırladıb. O zaman Türkiyənin bir qrup iş adamı Ermənistanın türk malları üçün perspektivli bazar olduğunu önə çəkərək, iki dövlət arasındakı münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulamışdı. Yalnız Heydər Əliyevin Türkiyəyə səfəri, ölkə parlamentindəki çıxışından və dövlət başçıları ilə görüşlərindən sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması haqqında gedən söhbətlərə son qoyuldu. Ancaq müzakirələrin aparılması artıq onu göstərirdi ki, qonşu ölkədə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəyən qüvvələr mövcuddur. Görünür, indi belə təfəkkürlülər xaricdən də dəstək alıblar.
Poitoloq Zərdüşt Əlizadə isə Ermənistan-Türkiyə sərhədlərinin açılması perspektivlərini şərh edərkən belə deyib: «Azərbaycan, Ermənistan-Türkiyə sərhədlərinin açılmasını faciəyə çevirməməlidir. Bu hadisə əvvəl-axır mütləq baş verməliydi. Cənubi Qafqaz regionunun romantizmdən uzaqlaşıb baş verənlərə real baxmağa başlaması məni sevindirir». Poitoloq Zərdüşt Əlizadə ANSPRESS-ə Ermənistan-Türkiyə sərhədlərinin açılması perspektivlərini şərh edərkən belə deyib. Politoloq bildirib ki, əgər sərhədlər açılarsa, Azərbaycanın Qarabağ məsələsində güzəşt edəcəyini gözləmək yanlışdır. «Qarabağ problemini ancaq Azərbaycanın yürütdüyü səmərəli siyasət nəticəsində həll etmək olar. Bu məsəələni özümüzdən başqa heç kim həll edə bilməz».
Zərdüşt Əlizadənin sözlərinə görə, Türkiyə Ermənistanla sərhədlərini çoxdan açmalıydı ki, bu ölkənin iqtisadiyyatı Rusiyanın yox,Türkiyənin kapitalından asılı olsun: «Bu təqdirdə Türkiyə Ermənistan üzərində böyük təsir imkanı əldə etmiş olardı. Hesab edirəm ki, Türkiyə Ermənistan üzərində böyük təsiretmə gücünə malikdir. Bundan başqa, bu situasiya Dağlıq Qarabağ probleminin həllinə də müsbət təsir göstərə bilər».
Z.Əlizadə hesab edir ki, Qərb Türkiyəni Ermənistanla yaxınlaşmağa vadar edib və Azərbaycanı da bu addımı atmağa məcbur edəcək: «Azərbaycanın Ermənistanla sərhədlərini açacağı gün o qədər də uzaqda deyil. Amma bunun üçün ermənilər də apardıqları səhv siyasətdən əl çəkməli və xəyallarla yaşamamalıdırlar».
Day.Az saytına müsahibəsində digər azərbaycanlı politoloq Rasim Musabəyov sözügedən məsələyə belə münasibət bildirib: «Fikrimcə, qeyd olunan məxfi danışıqlar real nəticələrə gətirib çıxarmayacaq. Çünki Ermənistan Türkiyəyə ərazi iddialarından və «erməni soyqırımı» məsələsindən əl çəkmək niyyətində deyil». O, həmçinin qeyd edib ki, «Türkiyə Ermənistanla sərhədlərini açsa belə, bu, real nəticələrə gətirib çıxarmayacaq. Çünki Azərbaycan sərhədlərini açmasa, ora heç nə çatmayacaq».
Ekspertin rəyinə görə, Azərbaycan üçün Türkiyənin dəstəyi çox önəmlidir: «Lakin milli mənafelərin qorunması məsələsində Azərbaycan Türkiyədən bir o qədər də asılı deyil».
Azərbaycanın rəsmi dairələrinin mövqeyini isə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim jurnalistlərlə görüşü zamanı səsləndirib: «Azərbaycan Türkiyə və Ermənistan arasında aparılan qeyri-rəsmi danışıqlardan narahat deyil. Bizim üçün əsas Türkiyənin rəsmi mövqeyidir. Əgər Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əli Babacan bildiribsə ki, sərhədlərin aıçlması məsələsində ölkəsinin mövqeyi dəyişilməz olaraq qalır, ümid edirik ki, Türkiyənin atdığı addımlar da bu siyasətə uyğun olacaq».
Əlbəttə, Türkiyə-Ermənistan danışıqlarının hansı nəticələrə varacağı, hansı istiqamətdə davam edəcəyini indidən söyləmək bir qədər çətindir. Amma bəlli olan bir həqiqət var. O da budur ki, artıq qarşılıqlı münasibətlərdə əvvəlki buzlar əridi və Türkiyə-Ermənistan münasibətləri yeni fazaya qədəm qoydu.