ABŞ-ın Minnesota ştatında Corc Floyd adlı qaradərili vətəndaşın polis zorakılığı nəticəsində kameralar qarşısında ölməsindən sonra Birləşmiş Ştatların 10-dan çox şəhərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər keçirilir.
“Arannews-Report”un məlumatına görə, üçüncü gündür davam nümayişlər nəticəsində Ağ Evə giriş müvəqqəti dayandırılıb.
Qeyd olunub ki, Atlantadakı nümayişçilər “CNN”nin qərargahının şüşələrini sındırıb və polisə boş şüşələr atıblar. Nümayişçilər hökumətin iğtişaşları dayandırmaq çağırışına məhəl qoymurlar. Atlantada ən azı yeddi nümayişçi saxlanılıb.
Şəhərlərdə avtomobillərin yandırılması barədə məlumatlar daxil olur. Nyu-Yorkun Bruklin bölgəsində nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
Nyu Meksiko ştatının Albukerke şəhərində bir neçə saat davam edən nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları dörd nəfər tutub. “Associated Press”in məlumatına görə, etiraz aksiyaları zamanı həddən artıq sərt davranan amerikalı polislər nümayişləri rezin güllələr və gözyaşardıcı qaz vasitəsilə dağıdır.
Bundan başqa Kolumbus (Ohayo ştatı), Hyuston (Texas ştatı), Dallas (Texas ştatı), Finiks (Arizona ştatı), San Xose (Kaliforniya ştatı), Las Vegas (Nevada ştatı), Şarlott (Şimali Korolina şatatı) və ölkənin kiçik şəhərlərində də nümayişlər keçirilir.