Tarix : 2020 Jun 06
Kod 59822

Ölmüş at əti satan dəstə yaxalandı

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə ilə birgə keçirdikləri əməliyyat zamanı ölü at ətini satan dəstə aşkarlayıb.

Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, əməliyyat zamanı Biləsuvar rayonunda ölü at və iribuynuzlu heyvan ətini satan dəstə ifşa olunub.

Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə o, İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Biləsuvar rayonunun Çaylı kəndində yerləşən fermada toplayıb və ətlərini oradan satışa çıxarıb. 

Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları tərəfindən Mirzə Abbasova məxsus Biləsuvar rayonu Çaylı kəndi yaxınlığında yerləşən fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 ton mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanılıb. Mirzə Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digərləri isə istintaqa cəlb olunublar.

Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin, həmçinin Mirzə Abbasovun yararsız ətləri satdığı ictimai iaşə obyektlərinin sahiblərinin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

  • Yazılıb
  • da (də) 2020 Jun 06
  • Göndərən جهان کمالی