“Nəfəs ala bilmirəm” şüarı şənbə günü dünya boyu küçələrə axışan müxtəlif irqə və yaş qruplarına mənsub nümayişçilərin əsas şüarı olub.
Arannews-Voa-ya istinadən xəbər verir ki, minlərlə adam paytaxt Vaşinqton, digər ABŞ şəhərləri və dünyanın bir sıra müxtəlif şəhərlərində küçələrə axışaraq irqçiliyə və pois zorakılığına etiraz ediblər. Bu nümayişlər afrikalı-amerikalı kişinin polis nəzarəti altında ölməsindən iki həftə sonraya təsadüf edir.
25 mayda Corc Floyd Minneapolis şəhərində öldükdən bəri bir çox Amerika şəhərləri boyunca etiraz nümayişləri vüsət alıb. Floyd polis zabiti Derek Çauvinin onun boynunda dizini 9 dəqiqə saxladıqdan və Floyd ona nəsəf ala bilmədiyini dedikdən sonra ölmüşdü. Floydun ölümü bir çox qaradərili amerikalıların polis tərəfindən saxlanılarkən ölməsi hallarından sonuncusu idi.
“Nəfəs ala bilmirəm” şüarı şənbə günü dünya boyu küçələrə axışan müxtəlif irqə və yaş qruplarına mənsub nümayişçilərin əsas şüarı olub.
ABŞ paytaxtında dinc nümayişçilər bürkülü havada şəhərin bir sıra məkanlarına axışıblar.
Şəhər meri Muriel Bauzer yenicə adı qoyulmuş “Qaraların Həyatları Mühümdür Meydanı"-nda iri izdiham qarşısında çıxış edib.
“Burada həs kəsin belə dinc qaydada, maska taxmış halda etiraz etməsini görmək çox xoşdur,” mer etirazçılar qarşısında deyib. O, etirazçıların ucadan "daha çox ədalət və daha çox sülh" tələb etməsini istəyib.
Özü afrikalı-amerikalı olan Bauzer deyib: "Mənim iki yaşlı qızım var. Mən istəmirəm ki, o böyüyəndə mağazaya getməyə, işə getməyə qorxsun."
Cümə axşamı Bauzer Prezident Donald Trampa göndərdiyi məktubda əlavə hüquq-mühafizə qüvvələrinin və şəhərdən kənar Milli Qvardiya əsgərlərinin yığışdırılmasını istəyib. İri sayda Vaşinqton Milli Qvardiya üzvləri, şəhər polisi və digər qüvvələr şənbə günü şəhər boyu postlarda yerləşdirilib.
Şənbə günü Vaşinqtonda küçələrə on minlərlə adamın çıxdığı təxmin edilir. Yerli polis cümə günü bildirmişdi ki, onlar daha çox adamın gələcəyini gözləyirlər.
İzdihamlı etiraz aksiyaları ABŞ-ın Minneapolis, Mayami, Nyu York, Çikaqo, San Fransisko, Dallas, Filadelfiya və Denver şəhərlərində də keçirilib. Bu şəhərlərin bəzilərində etirazlar bəzən zorakılıq və qarət halları ilə müşayiət olunsa da, şənbə günü aksiyaları dinc keçib.
Bir sıra Qərb ölkələrində, o cümlədən Böyük Britaniya, Almaniya, Fransa Portuqaliya və Avstraliyada da həmrəylik nümayişləri keçirilib.