Tarix : 2020 Jun 09
Kod 59839

“Hökumət polisin hərəkətinə görə üzr istəməlidir”

Müxalifət partiyaları pisləsə də, deputat Fazil Mustafa polisin hərəkətinə haqq qazandırır

Arannews-Çevik Polis Alayının iyunun 7-də Yasamal rayon, Dadaş Bünyadzadə küçəsində keçirdiyi əməliyyat müxalif siyasi partiyalar tərəfindən etirazla qarşılanıb.

AXCP sədri Əli Kərimli Meydan TV-nin bu barədə sorğusuna cavab verib ki, hakimiyyət 7 iyun hadisəsi ilə öz mahiyyətini və niyyətini nümayiş etdirib:

“Hakimiyyət indiyə qədər real müxalifətə düşmən kimi baxırdı, bugünkü hərəkətilə müxalifətə olan münasibətini xalqa yönəltdi. Başqa sözlə, bu gün faktiki Yasamal rayonunda 13 saylı binanın sakinlərinə göstərilən münasibət düşmən münasibətidir”.

AXCP sədri Əli Kərimli

AXCP sədri Əli Kərimli

Mənbə: Meydan.TV

Əli Kərimlinin sözlərinə görə, heç kim polislərin üstünə zibil atılmasını müsbət qarşılamır və baş verənlər inzibati pozuntudur:

“Buna görə insanları səhər saat 7-də, yuxudan oyanmadan, ailələrinin yanında təhqir edərək, video çəkilişlər edərək o şəkildə aparmaq Azərbaycan xalqına meydan oxumaqdır. Bu, o deməkdir ki, Azərbaycan hökuməti xalqın daha rəğbətini qazanmağa bütün ümidlərini itirdiyindən xalqda qorxu yaratmağa yönəldib”.

Əli Kərimli təəssüflənib ki, hakimiyyət xalqla yalnız zor dilində danışmağa üstünlük verir:

“Mən hökuməti xəbərdar edirəm ki, məhdud müşahidə imkanlarıma baxmayaraq etdikləri zorakılıqlar cəmiyyətdə qorxu yox, daha çox nifrət yaradır. Əksinə, cəmiyyət baş verənlərdən sonra səfərbər olur, artıq Azərbaycan cəmiyyəti polis zorakı rejiminə qarşı birləşir”.

AXCP sədri hökumətin Yasamal rayonundakı hərəkətinə görə üzr istəməsini tələb edir:

“Eyni zamanda, hadisəyə görə cavabdeh şəxslər cəzalandırılmalı və vəzifələrindən kənarlaşdırılmalıdır”.

Müsavat

Müsavat

Mənbə: Meydan TV

Müsavat Partiyası qaydaları pozan vətəndaşlara qarşı aşırı güc tədbiq olunmasını, qanunda nəzərdə tutulmayan formada davranılmasını yolverilməz hesab edir.

Bu barədə partiya bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, polisin karantin tədbirlərini pozan insanlara xəbərdarlıq etməli, maksimum halda həmin vətəndaşları cərimə etməklə kifayətlənməli olduğu halda, fiziki güc və işgəncə tətbiq etməsi kütləvi hal alıb.

Müsavat Partiyası hüquq-mühafizə orqanlarından, karantin dövründə məsuliyyətsiz davranan, tədbiq olunan qaydalara əməl etməyən vətəndaşlara qarşı qanun çərçivəsində, məsuliyyətlə və səlahiyyətlərindən sui-istifadə etmədən tədbirlər görməli olduğunu bildirir:

“Çevik Polis Alayının Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindəki mənzillərə məhkəmə qərarı olmadan, hüquqazidd formada daxil olaraq inzibati hüquqpozmada şübhəli bilinən şəxslərə qarşı qatı cinayətkarlar kimi davranmasını, evlərdəki azyaşlı və yaşlı insanlara, xəstələrə psixoloji strest yaşatmaqla vətəndaşlara qarşı amansız davranışını, elementar etik qaydaların belə gözlənilməməsini Azərbaycan dövləti və polisi adına rüsvayçı davranışdır”.

İlqar Məmmədov

İlqar Məmmədov

Mənbə: Meydan TV

ReAL Partiyasının sədri İlqar Məmmədov əməliyyatı keçirənlərin “Maqnistki Aktı“na məruz qoyulmasının vacibliyini vurğulayıb.

İlqar Məmmədov bu barədə “Facebook” səhifəsində yazıb:

“Uzun müddət mövcud olmuş sosial kontrakt (neft gəlirlərinin pis-yaxşı bölüşdürülməsi əvəzində insan haqlarının məhdudlaşdırılması) artıq dağılır və ölkə sırf polis dövlətinə çevrilmək riskini yaşamaqdadır”.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Yasamalda baş verənləri Azərbaycan polisinin tarixində silinməsi mümkün olmayan qara ləkə adlandırıb.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu

Mənbə: Meydan TV

Qubad İbadoğlunun sözlərinə görə, hadisə polis və vətəndaş münasibətlərində çatdır, hakimiyyətə etimazsızlığı artırır və dövləti gözdən salır:

“Məhkəmə qərarı olmadan polis əməkdaşının yaşayış yerinə girmısi, orada yaşayanların iradəsi ziddinə hərəkəti araşdırılmalı və ona müvafiq qiymət verilməlidir. 7 iyun hadisəsinə Prezident, Daxili işlər naziri münasibət bildirməli və hər kəs dinc vətəndaşa qarşı qeyri-adekvat güc tətbiqini pisləməlidir”.

Ancaq Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa əks mövqedədir.

Partiya sədri hökumətin bu məsələdə çox ciddi tədbir görülməsinin vacibliyini qeyd edib:

Deputat Fazil Mustafa

Deputat Fazil Mustafa

Mənbə: Google

“Qoy başqaları görsün ki, polisə zibil atmaq olmaz. Bunun adı təkcə tərbiyəsizlik, mədəniyyətsizlik deyil, bunun adı təxribatdır. İndi elə bir dövrdür ki, sanki müharibə vəziyyətidir. Müharibə vəziyyətində polisə zibil atmaq nə deməkdir? Bomba atmaq, güllə atmaq kimi bir şeydir. Başqa adı nədir? Polis uşağını, ailəsini, körpəsini evdə qoyub, problem yaranmasın, küçədə hər hansı bir hadisə baş verməsin deyə səni qoruyur. Sən niyə ona zibil atmalısan? Burada təbii ki, hamını məsuliyyətə cəlb etməkdən söhbət getmir, konkret kim atıbsa, məsuliyyət fərdidir. Ola bilsin ki, heç kim cavab vermir. Araşdırmaq üçün bu insanlardan müəyyən ifadələr alınacaq, kimin ki günahı yoxdur, onlar buraxılacaq. Hamının burada cəzalandırılmasından söhbət getmir. Amma kim atıbsa, ciddi cəzalandırılmalıdır. Azərbaycan polisi də sənin övladındır, yaxınındır, polis səndən qeyri-qanuni nəsə tələb etməyib”.

  • Yazılıb
  • da (də) 2020 Jun 09
  • Göndərən جهان کمالی