Tarix : 2020 Jun 11
Kod 59845

Hüquq müdafiəçiləri siyasi məhbusların yeni siyahısını təqdim etdi

Vətəndaş cəmiyyətinin İşçi Qrupu iyunun 10-da siyasi məhbusların yenilənmiş siyahısını dərc edib

 Arannews-turan-a istinadən xəbər verir ki, vətəndaş cəmiyyətinin İşçi Qrupu iyunun 10-da siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 108 nəfərin adı daxil edilib. Onlar arasında 4 jurnalistin - Azad Quliyev, Elçin İsmayıllı, Ziya Əsədli və Polad Aslanovun da adı var.

"Siyasi və ictimai fəallar" qrupunda 12 nəfərin adı var: Fuad Əhmədli, Orxan Baxışlı, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümbətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə (hamısı AXCP üzvləridir), Tofiq Yaqublu (Müsavat üzvü), Saleh Rüstəmov (keçmiş Xalq Cəbhəsi üzvü).

Ən böyük qrupu dindarar təşkil edir. Bu qrupda 43 nəfərin, o cümlədən Nardaran hadisələri ilə əlaqədar, İslam Partiyasının işi ilə bağlı həbs edilənlərin və s. adları var.

Siyahıda həmçinin üç ömürlük məhbusun adı var. Onlar 25 ilə yaxındır həbsdə olan keçmiş XTPD üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovdur.

Siyasi mühacir Türkel Azərtürkün qohumu Emin Saqiyev "girov" kimi tanınıb. Daha üç siyasi məhbus "Səid Dadaşbəylinin qrupu"ndandır.

Siyahıda 2018-ci il Gəncə hadisələri ilə əlaqədar həbs edilən 42 nəfərin adı da var.

2019-cu il noyabrın 25-də əvvəlki siyahı dərc edildikdən sonra 11 nəfər azadlığa çıxıb: 4 nəfər məhkəmə qərarı ilə, 4 nəfər cəza müddəti başa çatdığına görə, 2 nəfər əvf olunub, bir nəfər ev dustaqlığına keçirilib.

 Eyni zamanda, siyahıya 7 nəfərin adı əlavə edilib: Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümbətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə və Firudin Zeynalov.

Aqil Hümbətov siyasi motivlərlə psixiatriya xəstəxanasına yerləşdirildiyinə görə adı siyahıya salınıb.

İşçi qrup həmçinin siyasi motivlərlə hakimiyyətin pandemiya ilə əlaqədar karantindən istifadə edərək vətəndaşlara təzyiqi artırdığını qeyd edir. Saxlanılanların çoxu polis bölməsində döyülüb və işgəncələrə məruz qoyulub.

İyulun 7-də Yasamal rayonunda polis tərəfindən saxlanılmış 11 dinc vətəndaş da işgəncələrə məruz qalıb. İşçi Qrup insanlara qarşı bu alçaldıcı davranışı və polisin öz qanunsuz əməlləri barədə video yaymasını pisləyir.

İşçi qrup Azərbaycan hakimiyyətini pandemiya ilə bağlı böhrandan insan hüquqlarını pozmaq üçün istifadə etməməyə, tənqidi səslərin boğulmasına və dinc etirazların zorakılıqla yatırılmasına son qoymağa çağırıb.

İşçi Qrupa vətəndaş cəmiyyətinin məşhur nümayəndələri daxildir. Qurumun koordinatoru məşhur hüquq müdafiəçisi İntiqam Əliyevdir. 

  • Yazılıb
  • da (də) 2020 Jun 11
  • Göndərən جهان کمالی