Arannews-Modern.az-a verilən məlumata görə, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və alternativ cəzalara üstünlük verilməsi məqsədilə ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilib, bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı yeni Qanunun təsiri altına düşən məhkumlar barədə məhkəmələrə göndərilmiş təqdimatlardan 6 400-ü təmin edilib, o cümlədən cəzaçəkmə müəssisələrində saxlanılan və probasiya qurumlarının qeydiyyatında olan 1 737 nəfər məhkum cəzadan tamamilə azad edilib, 2 800-ə yaxın məhkumun törətdiyi əməllər yeni maddələrə tövsif edilərək cəza müddətləri azaldılıb.
Bununla yanaşı, Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl şərti olaraq azad etmə institutunun tətbiqi davamlı xarakter almış, o cümlədən indiki pandemiya dövründə intensivləşərək 600-dən artıq məhkum azadlıqdan məhrum etmə növündə cəzadan şərti azad edilərək probasiya qeydiyyatına götürülüb. Hazırda probasiya qurumlarının qeydiyyatında olan 1 270 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barədə müvafiq məhkəmə qərarlarının icrası davam etdirilir.