Tarix : 2020 Jun 13
Kod 59853

Reper Elşən Teymurov həbs edilib

Sosial şəbəkələrdə polis haqqında tənqidi paylaşımlarına görə reper Elşən Teymurov həbs olunub.

Arannews-Bunu Meydan TV-ə reperin atası Qəşəm Teymurov deyib.
Qəşəm Teymurov bildirib ki, oğlu iyunun 2-də Sabunçu Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb: 
"Oğlumu göstərilən tarixdə 12-ci bölməyə aparıblar, 1 sutka orda saxlayandan sonra Binəqədiyə, İnzibati Həbs Olunanların Saxlanma Mərkəzinə göndəriblər. Əvvəlcə, sahə müvəkkili gəlmişdi, oğlumun nömrəsini istədi, verdim. Çağırıb apardı. Biz uşağı ondan sonra görə bilmədik. Bir dəfə paltar apardım, dedilər pandemiyaya görə olmaz”.

Onun sözlərinə görə, oğlundan əvvəlcə hansısa qızın şikayət etdiyini deyiblər: "Mən qızın telefon nömrəsini istədim ki, araşdıraq görək nə məsələdir. Bunun ardınca sözlərini dəyişib polisə müqavimət olduğunu söylədilər. Sonra narkotik ittihamı gəldi. Halbuki, birinci gün oğlumun həbsində video məsələsi olduğunu demişdilər. İndi də gənc bloger kimi həbs edildiyini bildirdilər. Oğlum şəhid anasını döyən polislər haqqında rep yazıb. Güman ki, onu əsas gətirib həbs ediblər”.

Qəşəm Teymurov oğluna hansı rayon məhkəməsinin hökm çıxartdığından xəbərsizdir: "Məsələ ondadır ki, evə çörək gətirən bir oğlum idi, onu da həbs etdilər. İmkanımız yoxdur onunla maraqlanaq. Anası da ağır xəstə, özüm də işləmirəm. Ona görə vəkilə müraciət edə bilmədik. Bizə bildiriblər ki, gənc yazar kimi 2 aylıq həbs ediblər. Amma narkotik ittihamı olacaq, belə güman edirəm. Mənim uşağım belə şeylərdən uzaqdır, ona görə şər-böhtandan başqa bir şey deyil”.///Meydan.Tv
  • Yazılıb
  • da (də) 2020 Jun 13
  • Göndərən جهان کمالی