Cümə axşamı sionist rejimin Qafqazda, xüsusilə də Ermənistanda nüfuz yollarının araşdırılması yönümündə Təbrizdə Məclis təmsilçiləri və Qafqaz məsələləri üzrə ekspertlərin iştirakı ilə elmi konfrans keçirilib.
AranNews-in “Anac”-a istinadla verdiyi xəbərə görə, “Cənubi Qafqazda sinoist rejimin nüfuzu ilə mübarizə yollarının araşdırılması-Ermənistana diqqət etməklə” elmi konfransı Təbrizdə Məclis təmsilçiləri, universitet müəllimləri və müdirləri, habelə təlim-tərbiyə idarəsi müdirlərinin iştirakı ilə keçirilib. Elmi konfrans müxtəlif mövzuları, o cümlədən Ermənistanın işğal edilmiş ərazilərdə səfirilik açmaq qərarını araşdırıb.
Ermənistanın İran əleyhinə fitnəkarlığa gücü yoxdur
Vərzəqan əhalisinin İslami Şura Məclisində təmsilçisi Allahverdi Dehqani konfransda sözügedən məsələni əhəmiyyətli adlandıraraq Qarabağın azad olunmasına təkid etməklə yanaşı Ermənistanın İran əleyhinə fitnəkarlıq etməyə gücünün olmadığını açıqlayıb. O deyib: “Sionist rejim Livan, Suriya və Qəzzə tərəflərdən İranın mühasirəsindədir. İranın nüfuzu Aralıq dənizi, Hind okeanı və azad sulara qədər genişlənib. Lakin Ermənistan bizim ölkəmiz əleyhinə hansısa fitnəkarlıq edə biləcək gücə malik bir ölkə deyil. Əgər İran İslam Respublikası bir gün bu ölkəyə qarşı addım atsa, onlar çox qısa vaxtda təslim olacaq.”
A. Dehqan Azərbaycan Respublikasının Qarabağ barədəki siyasətlərini də tənqid edərək deyib: “Azərbaycan Respublikasının Qarabağı azad etmək istiqamətində ciddi addım ata bilməməsinin səbəbi qərb ölkələrinə, o cümlədən sionist rejimi və Amerikaya ümid bağlaması kimi səhv siyasətləridir. Biz Ermənistanın Qarabağı işğal etməsi ilə barışmırıq və Qarabağın Ermənistanın işğalından azad olunmasını istəyirik.”
Amerika sionist rejiminin Qafqazda hüzuruna yaşıl işıq yandırıb
Mərənd və Culfa əhalisinin İslami Şura Məclisində təmsilçisi doktor Məsumə Paşayi konfransda çıxış edərək bildirib ki, Amerika Cənubi Qafqazda sionist rejiminin hüzuruna yaşıl işıq yandırıb və sionist rejimi də mövcud boşluqdan istifadə edərək bu məntəqədə özünə yer edə bilmişdir. Təl-Əvivin bu regionda hüzurunun məqsədi İran sərhədlərinə və Rusiyanın xəlvət həyatına yaxınlaşmaqdır.
Məsumə Paşayi vurğulayıb: “Bu məsələ bizim üçün çox mühümdür və Ermənistan işğal edilmiş ərazilərdə səfirlik açmaq qərarını həyata keçirmək istəsə, bunun ağır bahasını ödəməli olacaq.”
Culfa və Mərənd əhalisinin İslami Şura Məclisində təmsilçisi sərhəd bölgələri əhalisinin qonşu ölkələrin əhalisi ilə münasibətlərinin lüzumu və İranın Azərbaycan Respublikası ilə dərin köklərə bağlı münasibətlərindən danışaraq deyib: “Sərhədi sərhəd bölgəsində yaşayanlar qoruyur. Ona görə də onların qonşu ölkələrlə əlaqələrini artıran qanunlar qəbul edilməlidir. Mədəni gediş-gəliş sayəsində münasibətlər genişlənərsə, regional qüdrət balansında bizim imtiyazımız da genişlənəcək. Azərbaycan Respublikasının müsəlman xalqı mədəni və islami köklərə malikdir. Sionist rejimi xeyriyyə müəssisələri vasitəsilə Azərbaycan Respublikasında nüfuz etmişdir. Biz mədəni hüzurumuzla bu məsələyə mane olmalıyıq.”