2015-ci ilin 26 noyabr tarixində Bakının Nardaran qəsəbəsində baş verən hadisələr səbəbilə saxlanılan və sonradan həbs olunan Ramin Yarıyevin səhhəti pisləşib.
Bu barədə Rakurs.tv-yə Ramin Yarıyevin yaxınları məlumat veriblər.
Əsəb və sinir sistemində ciddi problemlərin baş verməsi səbəbilə Ramin Yarıyevin hazırda mədəsində də problem yaranıb.
"Ramin Yarıyevin uzun müddətdir ki, kəskin diş ağrıları səbəbilə vəziyyəti pisləşib. Diş ağrıları üçün qəbul etdiyi ağrıkəsicilərin mədəsində də yaratdığı əlavə problemlər Raminin vəziyyətini kritik həddə gətirib çıxarıb", - deyə yaxınları diqqətə çatdırıblar.
Ramin Yarıyev dəfələrlə diş həkiminə müraciət etsə də həkimin də cavabı özünəməxsus olub: "Siz təhlükəli adamsınız. Məndən uzaq dayanın. Sizi müalicə edə bilmərəm".
Bundan əlavə 2 saylı Cəza Çəkmə Müəsisəsinin Baş həkimi Hüsrət həkimə müraciətlər də edilib.
"Lakin Hüsrət həkimə də müraciətlər olsa da Ramin Yarıyev nə həbsxana şəraitində, nə də ki Penitensiar Xidmətin Müalicə Mərkəzində müalicə olunmur. Bununla bağlı Ramin Yarıyevin ailəsi hal-hazırda çox narahatdır. Raminin ailəsi yaxın günlərdə dövlət orqanlarına bu məsələ ilə bağlı müraciət edəcək", - deyə Ramin Yarıyevin yaxınları Rakurs.tv-yə açıqlamalarında qeyd ediblər.
Xatırladaq ki, Ramin Yarıyev 2017-ci ilin yanvar ayının 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədirliyi ilə keçirilən iclasda "Nardaran işi" çərçivəsində 10 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar Ramin Yarıyevi digər "Nardaran işi" çərçivəsində həbs olunan şəxslərlə birgə siyasi məhbus olaraq xarakterizə edir.