Tarix : 2020 Jun 18
Kod 59873

İran yardıma görə Azərbaycana təşəkkür etdi

İran İslam Respublikası koronavirus dövründə etdiyi köməklik və əməkdaşlıqlara görə, Azərbaycana təşəkkür edib.

Arannews-iranın Bakıdakı səfirliyindən verilən məlumata görə, bunu İranın energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə telefon söhbətində deyib.

R.Ərdəkanianın sözlərinə görə, Azərbaycan koronavirusla mübarizə ilə əlaqədar maliyyə yardımı edib və koronavirus dövründə İran vətəndaşlarının Azərbaycandan ölkələrinə göndərilməsi və İranın tranzit yük maşınlarının Azərbaycan ərazisindən istifadə etməsinə imkan yaradıb.

Ş.Mustafayev bildirib ki, Azərbaycan İranla münasibətlərin hərtərəfli şəkildə inkişaf etdirilməsinə hazırdır.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan üç ölkənin (Azərbaycan, Rusiya və İran) elektrik enerjisinin sinxronlaşdırılması kimi birgə layihələri diqqət mərkəzində saxlayacaq.

Telefon söhbətində iki ölkənin enerji sektorunda birgə layihələrinin icra olunması haqda müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 7 martda verdiyi məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan hökuməti tərəfindən humanitar əsaslarla İrana 5 milyon dollar məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

  • Yazılıb
  • da (də) 2020 Jun 18
  • Göndərən جهان کمالی