Tarix : 2020 Jun 20
Kod 59876

Jurnalist Təzəxan Mirələmli məhkum edildi

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayevə görə "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli məhkum edildi

İyunun 19-da Xətai Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, o, CM-in 221.1A (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Hökmə əsasən, T.Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk edə bilməz.

Həm A.Abdullayev, həm də T.Mirələmli hökmdən narazı qalıb. A.Abdullayev onun həbs olunmasını tələb edir. T.Mirələmli isə bu hökmü jurnalist kimi peşə fəaliyyətinin məhdudlaşdırılması, ifadə azadlığına müdaxilə kimi qiymətləndirir.

"Belə çıxır ki, gecə hansısa hadisə baş versə, mən jurnalist kimi gedə bilmərəm. Mən apellyasiya şikayəti verəcəyəm. Çünki baş verənlər siyasi məqsədlərlə hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır", - T.Mirələmli AzadlıqRadiosuna belə deyib.

T.Mirələmli fevralın 26-da - Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yaxınlığında A.Abdullayevi vurmaqla xuliqanlıq etməkdə suçlanır. Lakin o, özünü təqsirli bilmir. Deyir ki, Milli Şura üzvləri abidəni ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb. Həmin vaxt A.Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, təxribata çəkməyə çalışıb: "Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim".

T.Mirələmli həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. AXCP onun cinayət məsuliyyətinə cəlb edilməsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını bildirir.

  • Yazılıb
  • da (də) 2020 Jun 20
  • Göndərən جهان کمالی