Həkimlərin, tibb işçilərinin ölüm xəbərlərini alırıq. Bu gün vəziyyət həqiqətən çox ağırdır, üzücüdür.
Arannews-Koronavirus pandemiyası hər ötən gün daha çox can almaqdadır. COVİD-19-a yoluxanların sayı durmadan artır. Görülən tədbirlər pandemiyanın Azərbaycan ərazisində sərhədlərinin genişlənməsinin qarşısını almır.
Rəsmi məlumatlara görə, cəzaçəkmə yerlərində saxlanılan məhbuslar sırasında 46 nəfər koronavirusa yoluxub. Ölüm faktları barəsində məlumat yoxdur.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu "yeni müsavat"a deyib ki, hazırda cəzaçəkmə yerlərində də durum ürəkaçan deyil: “Çox çətin vəziyyətlə üz-üzəyik. Artıq qohumlarımız sırasından da koronavirusa yoluxanlar var.
Həkimlərin, tibb işçilərinin ölüm xəbərlərini alırıq. Bu gün vəziyyət həqiqətən çox ağırdır, üzücüdür. Xəstəxanalarda xəstə qəbul etmək üçün yer yoxdur. Cəzaçəkmə yerlərində vəziyyət ümumilikdə ölkədəki vəziyyətdən fərqli deyil.
Hələlik cəzaçəkmə yerlərində kritik vəziyyət deyil. Hökumət 3-5 ay, 1 ilə qədər cəza müddəti qalmış şəxsləri azad etməlidir. Məhkumları evdə karantinə riayət etmək şərti qoymaqla, buna xüsusi nəzarət etməklə dərhal azad etməlidirlər. Hökumət həmin insanları azad etməklə qapalı məkanlar olan cəzaçəkmə yerlərində yoluxmaların qarşısını ala bilər. Bu addımlar təcili şəkildə atılmalıdır”.
Novella Cəfəroğlu: "Gözləntilərimiz böyükdür, amma..."
Novella Cəfəroğlu deyir ki, yaşı 65-i ötmüş məhbusların azad olunması çox yaxşı addım idi və bu proses yaşı aşağı olan məhkumlara da şamil olunmalıdır ki, cəzaçəkmə yerlərində vəziyyət kritikləşməsin.
Dünyanı silkələməkdə olan koronavirus pandemiyası hökumətləri operativ tədbirlər görməyə, vətəndaşları ölümcül xəstəliyin cənginə düşməkdən xilas etməyə səfərbər edib.
Azərbaycanda koronavirus pandemiyasının önlənməsi üçün atılan addımlar çərçivəsində ilkin olaraq 260 məhkum cəzadan azad olunub. Ardından əfv sərəncamı verilərək koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan məhkumlar azadlığa buraxılıb. Sərəncamla 176 məhbus ailəsinə qovuşub. Onların içində 11 qadın və ömürlük azadlıqdan məhrum edilmiş 2 nəfərin olması xüsusi diqqət çəkir.
Bununla belə, azad olunanların sayının daha da artmasını istəyən xeyli məhbus ailələri var.