Arannews-Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvü həbs olunub. Partiyadan Meydan TV-yə verilən məlumatda bildirilir ki, Faiq Rəşidova 10 gün inzibati həbs cəzası verilib. Onun haqqında həbs qərarını iyunun 27-də İsmayıllı Rayon Məhkəməsi çıxarıb. AXCP fəalı İnzibti Xətalar Məcəlləsinin 388-1 (İnternetdə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsilə cəzalandırılıb.
“Faiq Rəşidov iki uşaq atasıdır. Onu bir gün əvvəl (iyunun 26-da) axşam saatlarında İsmayıllının polis şöbəsinin əməkdaşları gəlib evdən aparıblar. İyunun 27-də hakim qarşısına çıxarıb, 10 sutkalıq həbs qərarını alıblar”, - deyə partiyadan bildirilib.
AXCP-nin sədr müavini Seymur Həzi deyir ki, bu həbs cəbhəçilərə qarşı repressiyaların davamıdır. Onun sözlərinə görə, F.Rəşidovun ittiham olunduğu maddənin özü də sübut edir ki, o, fikirlərinə, ifadə azadlığına görə cəzalandırılıb: “Bundan əvvəl də dəfələrlə Faiq Rəşidova siyasi fəaliyyətilə əlaqədar təzyiqlər olub. Ondan AXCP sıralarını tərk etmək, sosial şəbəkələrdə fəaliyyətini dayandırmaq tələb olunub”.
Daxili İşlər Nazirliyindən F.Rəşidovun həbsi barədə məlumat almaq mümkün olmayıb.
Hazırda AXCP-nin 10-dan artıq fəalı həbsdədir. Onların arasında partiya sədri Əli Kərimlinin sürücüsü, ictimai əsaslarla mühafizəçiləri və AXCP-nin başqa funksionerləri var.