Tarix : 2020 Jul 06
Kod 59944

AXCP üzvü qoyun otararkən saxlanılıb

Qaçay Qafarovun polisləri tənqid etdiyi üçün saxlandığı bildirilir

Arannews-Meydan.tv:iyulun 4-də, günün ikinci yarısında AXCP Göyçay rayontəşkilatının üzvü Qaçay Qafarov saxlanılıb. Səbəb kimi onun iyulun 2-də “Facebook“ səhifəsində polislər haqqında tənqidi status yazmasıdır.

Qaçay Qafarovun atası Alışan Qafarov Müsavat Partiyası Göyçay rayon təşkilatının Şura üzvüdür.

Məlumatı Meydan TV-yə Müsavat Partiyasının rayon təşkilatından Namiq Hacibeyli verib.

Namiq Hacıbəylinin sözlərinə görə, polislər Qaçay Qafaqovu Yalman kəndində qoyun otararkən aparıb və ailəsinə heç bir izahat verməyib:

“Sonradan öyrəndik ki, polis barədə tənqid yazdığına görə saxlayıblar”.

O, rayon məhkəməsinin iyulun 6-da Qaçay Qafarov haqqında qərar verəcəyini bildirib.

Qaçay Qafarovun atası Alışan Qafarov Meydan TV-yə oğlunun saxlanıldığını təsdiqləyib.

O, oğlunun kənddə qoyun otararkən 4 nəfər mülki geyimli şəxs tərəfindən aparıldığını söyləyib:

“Biz polis şöbəsinə getdik. Əvvəlcə heç nə demədilər. Sonradan növbətçi mayor Zeynalov oğlumun "Facebook"-da yazdığı statusa görə saxlanıldığını və sabah məhkəməyə aparılacağını söylədi”.

Alışan Qafarov oğlu Qaçay Qafarovun AXCP üzvü olduğunu da deyib.

Həftəsonu olduğundan Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

  • Yazılıb
  • da (də) 2020 Jul 06
  • Göndərən جهان کمالی