“Bəyanatlar istər-istəməz diplomatik dillə yazılır və bu, indiki vəziyyəti dondurmağa xidmət edir. Görüşdən sonra verilən bəyanatda nəyin yazıldığına baxanda görürsən ki, təmas xəttində təhlükəsizlik məsələləri və buna bənzər qeydlərdir. Həmsədrlər Ermənistanın indiki mövqeyinin işğal edilən ərazilərin azad edilməsinə imkan vermədiyini anlayır. Mənasız, illərlə davam edən danışıqlar onu göstərir ki, Ermənistan tərəfi heç bir irəliləyişə imkan vermir və verməyəcək.
Arannews-Bu fikirləri Teleqraf.com-a Qarabağ münaqişəsinə dair aparılan sülh danışıqlarını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun fikrincə, bu illər ərzində danışıqlar prosesi daha bir həqiqəti ortaya çıxarıb: “Minsk Qrupu işğalçıya heç bir təzyiq göstərmək niyyətində deyil. Əslində məsələnin həllində iki mövqe aparıcı olmalıdır. Ya həmsədrlər bizim mövqeyimizi dəstəkləməli, digər münaqişələrdə olduğu kimi ipə-sapa yatmayan Ermənistanla bağlı sanksiyalar qəbul etməlidirlər. Onlar Ermənistanın mövqeyini tənqid etməli, onlara qarşı hansısa addımlar atmalıdırlar. Amma təəssüflər olsun ki, həmsədrlərin Ermənistana təzyiq edib torpaqlarımızın azadlığına nail olmaq istəyi də yoxdur”.
Mütəxəssisə görə, indiki halda Azərbaycan üçün çıxış yolu odur ki, suverenlik hüquqlarımızdan istifadə edərək işğalçını torpaqlarından qovsun: “Bu, adicə məntiqdir. Bəzən bu fikirlərə görə məni tənqid edib deyirlər ki, Tofiq Zülfüqarov diplomat olduğu halda müharibədən danışır. Mən müharibədən danışmıram, təhlilim onu göstərir ki, burada real danışıqların potensialı yoxdur. Bu, hamıya bəllidir və burada mütəxəssis olmaq vacib də deyil. Mənim müharibəyə sevgim yoxdur. Amma danışıqlar potensialı tükənirsə, vasitəçilər Ermənistana təzyiqlər etmirsə, bu halda Azərbaycan suveren hüquqlarından istifadə edərək torpaqlarına sahib çıxmalıdır”.