Tarix : 2020 Jul 09
Kod 59953

Rusiya Konstitusiyası üzrə səsvermə Vladimir Putinin idarəçiliyinin yekunu kimi

İdarəçiliyin yekunundan danışarkən başa düşmək lazımdır ki, o, həm aralıq, həm də son ola bilər. Bu gün Vladimir Putinin növbəti dağılmanın astanasında olan Rusiyada hakimiyyətə həm iqtisadiyyatda liberal, siyasətdə islahatçı, cəmiyyətə əmin-amanlıq və asayişi qaytaran şəxs kimi gəldiyi zamanları az adam xatırlayır.

Arannews-Xoşbəxt təsadüf nəticəsində iqtisadiyyatı canlandıran və əhalinin həyat səviyyəsini yüksəldən neftin qiyməti qalxmağa başladı. Lakin hələ o zaman oliqarxlarla mübarizə bu siyasətçinin təkbaşına hakimiyyətə can atdığından xəbər verirdi. Postsovet ölkələri ilə müharibələr (Gürcüstan, 2008, Şərqi Ukrayna, Krımın anneksiyası, 2014), Putinin Münhen çıxışı və ümumdünya böhranı vətənpərvərliyi və SSRİ -dünya fövqəldövləti statusunu Rusiyaya qaytarmaq uğrunda mübarizəni siyasətin önünə çıxardı. Bunun bədəli ölkədə demokratiyanın məhv edilməsi, ictimai diskussiyaların dayandırılması, sabitliyin siyasi və iqtisadi durğunluğa çevrilməsi oldu.

Pandemiyanın zərbələri altında pisləşən vəziyyət inflyasiyaya qarşı mübarizəni, balanslaşdırılmış büdcənin saxlanılmasını, dünya iqtisadiyyatında on ikinci yeri tutan ölkədə ÜDM-i 30% formalaşdıran ehtiyatların və karbohidrogenlərin  hesabına büdcənin 50% artırılmasını tələb edirdi. 2020-ci ildə iqtisadiyyatın 6,6% azalacağı gözlənilir (may ayında 5,5%-dən danışılırdı). İşsizlik rəsmi olaraq mart ayında 4,7% - dən may ayında 6,1% - ə yüksəldi.

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları 31.01.21-ə qədər uzatmağa qərar verdi, Rusiya banklarına isə Aİ-nin bank sisteminə çıxış imkanlarını məhdudlaşdırdı.

***

Ölkədə böhranlı vəziyyətin aradan qaldırılması sadə sxemə əsaslanırdı: hərtərəfli islahatlar, yaxud qanunvericiliklə sərtləşdirmə və Rusiyanın siyasi rejiminin gələcək mərkəzləşdirilməsi. İkinci yol seçilmişdi: Konstitusiyaya düzəlişlərin edilməsi üzrə başa çatmaqda olan ümumxalq səsverməsinin hesabına həyata keçirilən siyasi kursa formal etimad votumu əldə etmək. Əhalini düzəlişlərə səs verməyə razı salmaqdan ötrü müxtəlif mühafizəkar, vətənpərvər və sosial (pensiyaların indeksasiyası, sosial yardım və s.) dəyişikliklər toplusu tərtib edildi.

“Hər il o, rejimi daha çox sərtləşdirəcək, avtokratiyanın təbiəti belədir. O, liberal müxalifəti sıxışdıracaq və eyni zamanda sonadək məhv etməyəcək ki, o, hakimiyyətin yuxarı eşelonlarında korrupsiyanı üzə çıxarsın. Beləliklə, o, hökumət elitasını nəzarət altında saxlayacaq. Hər zaman Qərb ilə sərt qarşıdurma kursu yürüdəcək, ciddi münaqişə həddinə gətirəcək ki, nüvə dövləti kimi Rusiyanı ciddi qəbul etsinlər. Bu qarşıdurma bizim xüsusilə də iqtisadi anlamda inkişaf etməmiş ölkəmizdə daxili birliyə və rejimin sabitliyinə zəmanət verəcək”, - tanınmış rusiyalı yazıçı Viktor Yerofeyevin proqnozu belədir,  “Rədd olsun demokratik tör-töküntülər!”, Frankfuter Algemeine (25.06.20).

Lakin Çinin kiçik tərəfdaşı kimi Rusiyanın nüfuzunun bərpası baha başa gəlir ki, onun bütün riskləri çətin ki ABŞ ilə xəyali hüquqi bərabərliyin preferensiyalarının yerini doldursun. Həm Moskvanı, həm də Pekini müvəqqəti olaraq Vestfal müqaviləsi və Yalta sazişləri ilə möhkəmləndirilmiş (bu sazişlərə əsasən dünya güc dövlətlərinin məhdud dairəsi tərəfindən təsis edilmiş qaydalar üzrə yaşayır) köhnə dünya düzənini qaytarmaq cəhdləri birləşdirir. Putin qlobal təhlükəsizlik üzrə dialoqun aparılması üçün payızda toplaşmağı təklif edir.  Bu dialoq BMT TŞ-nin beş daimi üzvü tərəfindən aparılmalıdır.

RF Konstitusiyasına 200-dən artıq düzəliş üzrə ümumxalq səsverməsi iyunun 25-də başlayıb və bir həftə davam edib - iyulun 1-dək davam edib, bu isə qutulara nəzarət prosedurunu çətinləşdirib, bütün mümkün manipulyasiyaları asanlaşdırıb: dəfələrlə səsvermə, səslərin yazılması, bülletenlərin atılması və məhv edilməsi və s.

Müşahidəçilər qeyd edirlər ki, Rusiyada səsvermə keçirilib və onu “referendum” adlandırmağa icazə verilmir, çünki referendumlar haqqında qanun seçicilər qarşısında onların birmənalı cavab verə bilməyəcəyi sualları qoymağı qadağan edir. Səsvermə isə bir çox düzəlişlər üzrə yalnız bir cavab variantı ilə aparılıb: “ “bəli” və ya “xeyr”.

MSK-nın məlumatına görə, rusiyalıların 78%-i düzəlişlərə səs verib, seçici fəallığı isə 65% təşkil edib. Yalnız Nenets Muxtar Dairəsi dəyişikliyə qarşı çıxıb: seçicilərin 55,25% - i  “xeyr” cavabını verib.

Konstitusiyaya ən vacib dəyişikliklər Dövlət Dumasının səlahiyyətlərinin genişləndirilməsi, Dövlət Şurasının rəsmi dövlət orqanı statusunun verilməsidir.

Prezidentin mətbuat katibi Dmitri Peskov: “De-fakto prezidentə etimadla bağlı triumfal referendum keçirildi”.“Bu, vətəndaşları siyasi azadlıqların azaldılmasının və qanunun aliliyinin deqradasiyasının iştirakçıları  etmək üçün nəzərdə tutulmuş mərasim idi” - səsvermənin jurnalist qiymətləndirməsi belədir..

 

Regionların və yerli administrasiyanın səlahiyyətlərinin azaldılması, “hakimiyyətin şaquliliyi”nin və maksimum nəzarətin daha da möhkəmləndirilməsi göz önündədir. Konstitusiyanın yeni versiyasına görə, ilhaq olunmuş Krımın və mübahisəli Kuril adalarının qaytarılması indi istisna olunur. Baxmayaraq ki, indi hakimiyyət postlarına yalnız Rusiya vətəndaşları (ikinci vətəndaşlığı olmayanlar) iddia edə bilər, xaricdə mülkiyyət və hesabların olmasına qadağa götürülməyib.

İslahat Dövlət Dumasından keçib, Federasiya Şurası və Konstitusiya Məhkəməsi tərəfindən təqdir edilib, formal olaraq, belə çıxır ki, keçirilmiş səsvermə tövsiyə xarakteri daşıyıb, amma Putin bildirib ki, məhz səsvermənin nəticələri düzəlişlərin legitimliyini müəyyən edəcək. Niyə?

Putin paradoksal məqsədlə hakimiyyəti itirmədən təhvil verməklə prezident postundan gedişini hazırlamağa çalışır. Buna görə də Dövlət Şurasının və Təhlükəsizlik Şurasının səlahiyyətlərinin maksumum möhkəmləndirilməsi vacibdir ki, gələcəkdə hakimiyyət bötüvlüklə bu orqanlardan birinə verilsin.

Putin effektiv sosial dövlət yaratmaq vədinin qarşılığında siyasi və iqtisadi qüvvələrin hazırkı balansına qarant olaraq qalır. Hər halda, konstitusiyaya edilən dəyişikliklər Rusiyada hansı hakimiyyət modelinin fəaliyyət göstərəcəyi barədə  suala qəti cavab vermir ki, bu da təkcə mətnin qeyri-müəyyənliyi ilə yox, həm də Putinin maksimum sayda mümkün nəticəni özü üçün saxlamaq cəhdilə əlaqələndirilir. İnadla öz varisini müəyyən etməmək istəyi və gələcəkdə prezident postuna namizədliyini irəli sürəcəyi ilə bağlı suala yayındırıcı cavab buradan irəli gəlir. Bu, göstərir ki, o, onu əhatə edən hər kəsə etibarını itirib. Ona görə də indi Putin nə vaxt, necə və haraya “getməki” məsələsini təkbaşına həll edəcək.

Bu o demək deyil ki, o, fövqəladə vəziyyətləri nəzərə almır, əksinə, maddələrdən birinə bənd əlavə olunub ki, “Vəzifədə qalma müddətinin başa çatması və ya istefa və ya səhhətinə görə ona aid səlahiyyətləri həyata keçirməyə qadir olmaması ilə əlaqədar səlaiyyətlərinin icrasını dayandırmış Rusiya Federasiyasının prezidenti toxunulmazlıq əldə edir”

Biz Rusiya Konstitusiyası üzrə səsverməni Vladimir Putinin idarəçilyinin yekunu adlandırdıq. Ümumiyyətlə, bu yekun nədir və hansı “aralıq yekunlar” ilə  yox olur? Putin bildirir ki, ölkədə sabitliyi təmin etmək üçün konstitusiya düzəlişləri vacibdir, lakin onun opponentləri səsverməni çevriliş adlandırırlar və Putini 20 ildən çoxdur hakimiyyəti avtoritar şəkildə saxlamaqda günahlandırırlar.

Qərb siyasətçiləri və analitikləri arasında Putinin siyasətçi kimi proqnozlaşdırılması ilə bağlı fikir ayrılığı var.  Bəziləri onun siyasi fəaliyyətinin qeyri-müəyyənliyini və qeyri-standartlığını heyranlıqla qeyd edirlər. Digərləri onu tamamilə proqnozlaşdırıla bilən hesab edirlər: o, öz hərəkətlərində yalnız onun aqressivliyinin və bütün dünyanı öz tərəfinə çəkmək səylərinin dərəcəsini müəyyən edən resurslarla məhdudlaşıb. Ondan gələn pislik müasir Rusiyanın siyasi və iqtisadi resursları qədər minimaldır.

Putin təkcə cəmiyyətin susqun hissəsini yox, həm də hökmranlıq edən siyasi elitanı öz tərəfinə möhkəm çəkib,  çünki 2021-ci ildə keçiriləcək Dövlət Dumasına seçkilər çox güman ki, keçirilmiş səsvermə zamanı sınaqdan keçirilmiş koronavirus ssenarisi üzrə keçiriləcək.

Bəs, demək olar ki, heç kimin sənə qarşı çıxmadığı mütləq hakimiyyətlə bundan sonra nə etməli? Axı bu, eyni zamanda o deməkdir ki, suveren hüquqlardan başqa ölkədə heç kəs ümummilli məsuliyyət daşımır ki, Putinin Qərb “tərəfdaşları” müntəzəm olaraq buna çağıracaqlar.

Keçirimiş səsvermədə (“Meduza” xəbər saytının məlumatı) elektron sistemdən istifadə etmək olardı. Bu, onlarla iri dövlət şirkətinin əməkdaşlarının seçkilərdə iştirakına nəzarət etməyə imkan verərdi. Qərb Putinin istənilən “texnologiyaları”nı izləyir və imkan daxilində onları ictimaiyyətin sərvəti etməyə çalışır. İndi də Rusiya ictimaiyyətinin, çünki “rus xalqı ilə dialoqa birbaşa daxil olmaq” təklifi müzakirə olunur. D.Trampın yenidən ABŞ-ın prezidenti seçilməsi ona kömək edəcəkmi? Sual açıq qalır.  

Hər halda, bir sıra Qərb müşahidəçilərinin və onların rusiyalı həmfikirlərinin Rusiyanın “gələcəyi yoxdur, yalnız keçmişi var” sözləri dərəcədə ədalətlidir. Putin dönüşü adlandırılan Konstitusiya üzrə səsvermədən sonra xüsusilə tutarlıdır.   Ancaq başqa tezis də ədalətlidir: Rusiya nəinki durğunluq dövrləri, dövlətin ümumi gücü, həm də bir əsrin hüdudlarında sosial-siyasi çevrilişlərin sayına görə rekordçudur. Bəlkə məsələ onu ilk növbədə insanların, sonra isə dövlətin və cəmiyyətin üzərində hökmran olmağa qadir edən həyatqabiliyyətli ideologiyanın və gücün olmamasındadır?

P.S. Səsverməyə yekun vurduqdan sonra Rusiya prezidenti “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində bildirib ki,  respublikaların SSRİ-dən çıxmaq hüququ gec partlayan mina idi və “əlbəttə, biz belə şeylərdən qaçmalıyıq”. “...Biz mövcud Konstitusiyaya dəyişiklikləri qəbul etməkdə düzgün edirik. Onlar bizim dövlətçiliyimizi möhkəmləndirəcək, ölkəmizin bundan sonrakı onilliklərdə ardıcıl inkişafına şərait yaradacaq”.

Və nəhayət, bunu da bilmək maraqlıdır ki, Nenets Muxtar Dairəsinin RF subyekti statusundan məhrum edilməsi və onun Arxangelsk vilayətinin bələdiyyə qurumuna çevrilməsi barədə qərarın qəbulu sürətlənəcəkmi? Xatırladaq ki, belə olduğu halda sosial sahədə müstəqil siyasətin yürüdülməsi və  köklü azsaylı xalqların dəstəklənməsi üzrə dövlət proqramı hüququ itiriləcək. Bu proqram indiyədək köklü əhalinin - ənənəvi həyat tərzini, öz mədəniyyətini və dilini qoruyub saxlayan nenetslərin maraqlarının nəzərə alınmasına imkan verir.

 

Turan.az

  • Yazılıb
  • da (də) 2020 Jul 09
  • Göndərən جهان کمالی