Tarix : 2020 Jul 15
Kod 59988

General-mayor Polad Həşimovun nəşi Sumqayıtdakı evinə gətirildi

Azərbaycan ordusunun General-mayoru Polad Həşimovun nəşi bir qədər öncə Sumqayıtdakı evinə gətirilib.
Arannews-Musavat.com xəbər verir ki, şəhid generalın cənazəsi Sumqayıtda böyük coşqu ilə qarşılanıb.

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimovun Sumqayıt şəhəri, 13-cü mikrorayonda yaşadığı beşmərtəbəli binanın qarşısında böyük izdiham yaşanıb.

“Report”un məlumatına görə, binanın qarşısına toplaşan 1 000 nəfərdən çox insan “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, vətən bölünməz” kimi şüarlar səsləndiriblər.

Daha sonra insanlar önünə çıxan Polad Həşimovun bacısı Arzu xanım qardaşının adına hörmət edilməsini istəyib: “Artıq bir söz istəmirəm. Sadəcə Poladımın şərəfinə, adına, onun zirvəsinə hörmət istəyirəm. Vətənimiz, başımız sağ olsun. O, hamımızın Poladıdır. Poladın cənazəsini Qəbələyə - ailəsi ilə vidalaşmağa aparıblar. Vətənin oğludur, biz də hamı kimi onun bura gətirilməsini gözləyirik”.

Şəhidin bacısı hadisənin necə baş verdiyini bilmədiyini söyləyib: “Şəhidlərin yanında heç kim olmur. Onlar döyüş bölgəsində olan adamlardır. Bizim kimi isti evlərində oturmurlar. İnsan evində yox, cəbhədə şəhid olur. Dövlət qurumları rəsmi açıqlama veriblər. Şəhidlərimizin şərəfinə uyğun hərəkət etmək lazımdır. Bu adı qazanmaq, o zirvəyə ucalmaq hər adama qismət olmur”.

O, şəhidin adına layiq şəkildə qarşılanmasını və yola salınmasını xahiş edb: “Mənim qardaşım sizin də qardaşınızdır. Poladı çox adam tanıyır. Onun şərəfinə hamı şahiddir. Xahiş edirəm, onu adına layiq qarşılayaq və yola salaq”.

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək şəhidin sabah II Fəxri Xiyabanda dəfn olunacağını bildirib: “Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hazırda şəhidimizin cənazəsi Qəbələnin Vəndam kəndindədir. Onun bu gün Sumqayıta gətirilməsi gözlənilmir. Qardaşı da, yoldaşı da oradadır. Qarabağ döyüşlərində şəhid olan ilk generalımızdır”.

İcra başçısının müavini bildirib ki, Prezident İlham Əliyev şəhid generalın dəfn yeri ilə bağlı göstəriş verib.

T.Səmədovun sözlərinə görə, bu gün şəhər rəhbərliyi şəhidin qardaşı ilə görüşüb: “Hansı kömək lazımdırsa, ediləcək. O təkcə bu ailənin deyil, millətin şəhididir. Hər bir şəhid ailəsi, anası, bacısı başını dik tutmalıdır. Çünki onlar bu xalqın, torpağın bütövlüyü və toxunulmazlığı uğrunda canlarından keçiblər. Gəlin, şəhidimizin adını hər zaman uca tutaq”.

İnsanlara vətənpərvərlik nümayiş etdirdikləri üçün minnətdarlığını bildirən icra başçısının müavini pandemiya dövründə bu qədər adamın bir yerə toplaşmasının təhlükəsizlik baxımından doğru olmadığını əlavə edib: “Bu gün bizim burada toplaşmağımız məqsədəmüvafiq deyil. Çünki kifayət qədər problemlərimiz var. Pandemiya dövrüdür. Hamı burada ağız-ağızadır. Çox razıyıq ki, bizim belə gənclərimiz var. Allah hamınızdan razı olsun. Birlik, vətənpərvərlik nümayiş etdirirsiniz. Amma dəfn sabah II Fəxri Xiyabanda olacaq. Burada gözləməyin mənası yoxdur”.

 
  • Yazılıb
  • da (də) 2020 Jul 15
  • Göndərən جهان کمالی