"Arannews-Kin və qisas hissinizə hakim olun. Siz də Allahdan qorxun! Günahsız, vətənpərvər insanları şərlədib həbs etdirməyin! İnsanları vətənpərvər, Qarabağ sevdalısı olmağa peşman etməyin, düşməni sevindirməyin!"
AXCP sədri Əli Kərimlinin müraciətini təqdim edirik:
"Çox təəssüf ki, Qarabağ mitinqinə görə kütləvi həbslər başlayıb. Hökumət 14-15 iyulda vətəndaşlarımızın öz təşəbbüsü ilə keçirdiyi orduya dəstək mitinqini gözdən salmaq üçün hər şeyi edir. Hüquq müdafiəçiləri 70 nəfər mitinq iştirakçısının artıq həbs edildiyini bildirir. Saxlanılanlar arasında cəbhəçilər, ictimai fəallar və çoxlu sayda sadə insanlar var. 14-15 iyul mitinqi xalqımıza qürür yaşadan günlərdən biri, xalqımızın səmimi vətənpərvərliyinin nümayişi idi. Bu mitinq yalnız xalqımızın düşmənlərini qorxutmalı idi.
Xalqımız bu spontan mitinqi ilə ordumuzun gücünə güc qatmaq, ona mənəvi-siyasi dəstək vermək istəmişdi. Hökumət isə xalqın hələ də diri olmasından, toparlana bilmək bacarığından qorxuya düşüb. Kütləvi həbslərlə xalqı yenidən qorxutmaq istəyir. Qürur və milli birlik günümüzü repressiya gününə çevirmək, Qarabağsevər gəncliyi əzib, düşməni sevindirmək yoluna çıxıb.
Biz bu mitinqi tam dəstəkləsək də, təşkilat olaraq aksiyaya qatılmadıq. Düşünürdük ki, biz prosesə qatılsaq, hökumət mütləq təxribat edəcək. Biz isə çox istəyirdik ki, aksiya təxribatsız, zorakılıq və həbslərsiz başa çatsın. Hətta aksiyanın dağıdılmasından bir neçə saat önsə səhifəmə bu məzmunlu yazı da çatdırmışdım. Ona görə də çox az sayda cəbhəçi aksiyada iştirak edib. Onlar da heç bir qanunsuzluğa yol verməyib, olduqları yerlərdə öz feysbuk hesablarından canlı yayım açıblar, əllərindən gələni ediblər ki, aksiyada hər hansı təxribat olmasın.
Bəli, biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Artıq 6 nəfər AXCP fəalı həbs olunub.
Xalqa, ən kasıb insanlara çatmalı olan sosial müavinətləri oğurlamış icra başçılarına İlham Əliyev demişdi ki, Allahdan qorxsunlar, belə kasıb insanların malını yeməsinlər. İndi mən İlham Əliyevə xatırlatmaq istəyirəm ki, Qarabağ, Vətən sevdalısı olan, heç bir cinayət törətməmiş, vətənpərvər insanları şərlədib uzun müddətli həbslərə göndərmək həmin o işsizlik müavinətlərini yeməkdən heç də yüngül əməl deyil.
İki balaca övladı anasız qalmış, Mətanət xanımı şərlətdirmək, Qarabağ qazisi, astma xəstəliyi olan Tofiq Yaqublunu hepatit və vərəm xəstəlikləri olan məhbuslarla bir yerə salıb həyatına qəsd etmək, 5 illik siyasi məhbus həyatını yenicə başa vurub azadlığa çıxmış Qarabağ qazisi Asif Yusiflini yenidən şərlətdirmək isə həmin icra başçısının sosial yardımları yeməyindən daha ağır cinayət olar. Etməyin!
Son müşavirədə ünvanımıza dediyiniz bu qədər təhqir və aşağılayıcı ifadələrdən sonra da mən hamını dövlətimizin və ordumuzun ətrafında bir olmağa, iqtidar müxalifət mübahisələlərinin Azərbaycan – Ermənistan müharibəsindən önə keçməsinə imkan verməməyə çağırdım.
Bu çağırışımıza sizin cavabınız qanunsuz və sifarişli həbslər olmalı deyil. Hamımızı həbs edə bilməyəcəksiniz. Lap nəzəri cəhətdən hesab edək ki, bütün cəbhəçiləri, hamımızı həbs etdirdiniz, bəs xalqla nə edəcəksiniz? O halda da günü – gündən narazılığı artan, bu dəhşətli haqsızlıqlara şahid olan xalqımız özü AXCP- dən dəfələrlə güclü, məğlubedilməz bir qüvvə kimi qarşınıza çıxacaq. Və bütün bu zamanlarda Azərbaycanın daxilində gərginliyin artmasından istifadə edən düşmən öz mövqelərini gücləndirəcək.
Etməyin, kin və qisas hissinizə hakim olun. Siz də Allahdan qorxun! Günahsız, vətənpərvər insanları şərlədib həbs etdirməyin! İnsanları vətənpərvər, Qarabağ sevdalısı olmağa peşman etməyin, düşməni sevindirməyin!"