Azər-Aran Beynəlxalq Araşdırmalar Mərkəzinin idarə heyətinin sədri: “Həmişəki kimi İslam torpağının bir parçası olan Qarabağın taleyi bizi narahat edir.”
AranNews- “Azər-Aran Beynəlxalq Araşdırmalar Mərkəzi”nin idarə heyətinin sədri doktor Məhəmmədəli Mütəfəkkirazad məqalə ilə çıxış edərək, Azərbaycan Respublikasının müsəlman xalqının qəminə şərik olmaqla yanaşı, Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonuna son təcavüzü barədə öz fikirlərini bildirib. Məqaləni sizə təqdim edirik:
Bismillahir-Rəhmanir-Rəhim
Bugünlər hamımız Ermənistan ordusunun Azərbaycan Respublikası ərazilərinə təcavüzü xəbərlərini izləyirik. Həmişəki kimi İslam torpağının bir parçası olan Qarabağın gələcəyi və taleyi bizi narahat edir.
Azərbaycan igidlərinin Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhadəti bizi kədərləndirməklə yanaşı, həm də qəlbimizdə Qarabağın azad olunması ümidi yaratdı. Tövuzda şəhid olanlara Allah-Təaladan rəhmət və ulvi dərəcələr diləyirəm.
Bir universitet müəllimi kimi özümün, dostlarımın və İran İslam Respublikasının elitası tərəfindən Azərbaycan Respublikasının müsəlman xalqına qələbə və sağlamlıq arzulayır, Qarabağın azad olunması üçün dua edirəm.
Azərbaycan torpaqlarının işğalı siyasi fitnəkarlıq, hətta öz xeyrini güdən bir qrupun daxili xəyanəti ilə başladı. Ermənistanın bu vəziyyətdən sui-istifadə etməsi böyük bir faciə ilə nəticələndi. İşğalın davam etdiyi 28 ilə yaxın bir müddətdə isə bu münaqişə gizli və aşkar siyasi alverə çevrildi. Hətta, beynəlxalq vasitəçi qruplar da müzakirələri uzatmaqla faktiki surətdə öz dindaşlarına dəstək oldular və Ermənistanın xeyrinə iş qurdular. Bu arada Türkiyə kimi bir sıra ölkələr də yalnız tribuna arxasında və simvolik şəkildə Azərbaycan Respublikası müsəlman xalqının hüquqlarını müdafiə etdi, lakin əməldə heç bir təsirli addım atmadı. Türkiyə dövlət adamları və ordusu Suriya, İraq və Liviyaya qoşun yeritdiyi bir halda, Qarabağın azadlığı üçün yalnız içiboş şüarlarla kifayətləndi. Türkiyə Qarabağla bağlı dediyi sözdə sədaqətlidirsə, onda nə üçün Azərbaycan ordusuna əməli şəkildə dəstək vermir? Habelə, Qarabağ müharibəsi dövründə hansısa bir təsirli addımı atmadı? Məlumdur ki, əziz Qarabağın azad olunması Azərbaycanın müsəlman və qeyrətli insanlarının əli ilə həyata keçəcək. Azərbaycanın igid gənclərinin bu ölkədə küçələrə axışaraq hökumətdən işğal edilmiş torpaqları geri almaq üçün ciddi təlaş göstərməyi tələb etmək kimi müqəddəs istəkləri bizə Qarabağın azad olacağı ilə bağlı şirin müjdələr verdi. Əmin olun ki, İranın müsəlman xalqı müqavimət və qələbə günlərinin acı və şirin təcrübələri ilə birlikdə sizin yanınızdadır. Azərbaycan Respublikası hökuməti icazə verərsə, qabaqlar olduğu kimi bir daha sizinlə çiyin-çiyinə döyüş cəbhəsinə gedəcəyik və Allahın köməyi ilə Qarabağın azadlığı və qələbə səhərinə kimi mübarizəyə davam edəcəyik. İran döyüşçüləri Qarabağ müharibəsi dövründə hərbi qarnizonlarda Azərbaycan Respublikası əsgərləri ilə keçirdikləri günlərin xatirələrini hələ də unutmayıblar, onları sinədən sinəyə ötürürlər və həmin günlər üçün darıxırlar. Məlumdur ki, Azərbaycan Respublikası sərhədləri bizim sərhədlərimizdir. Çünki İslamın bütün sərhədləri İslam müqavimət cəbhəsi əsgərlərinin sərhədidir və Azərbaycan da dünyanın ikinci şiə ölkəsidir.
İslam bayrağının Qarabağ məscidlərinin qapıları başına sancılması və onun minarələrindən azan səsinin ucalacağı gün ümidi ilə!
Sonda Azərbaycan Respublikası hökumətindən istəyirik ki, işğalçıları öz torpağından qovmaq üçün xalq qüvvələrindən faydalanmaqda müqavimət cəbhəsi ölkələrindən örnək alsın və İslam dünyasının, xüsusilə də İran İslam Respublikasının potensiallarından faydalanmaq üçün şərait yaratsın. Çünki Azərbaycan hökuməti ciddi iradə göstərsə, Qarabağın azad olunması elə də uzaq deyil.
Mütəal Allahdan Tovuzda şəhid olanlar və İslam dünyasının bütün şəhidləri üçün məğfirət diləyirəm. Allah rəhmət etsin.